1687694030180057678164982ace4cc19

“İran Ermənistanın paytaxtı İrəvanda ticarət mərkəzi açacaq və bu, Avrasiya İqtisadi İttifaqına (Aİİ) giriş qapısına çevriləcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, bu, İranın xaricdəki ilk və ən böyük daimi ticarət mərkəzi olacaq. Mərkəz oktyabrın 1-də İranın Ticarətin Təşviqi Təşkilatı ilə əməkdaşlıq çərçivəsində açılacaq.

Qeyd olunur ki, ticarət mərkəzi 18 min kvadratmetrdən çox torpaq sahəsində layihələndirilib. Mərkəzin 10 min kvadratmetrlik sahəsinə müxtəlif sənaye sahələri üçün istifadə oluna bilən ərazi , görüşlər üçün iclas otaqları, tədbirlər, konfranslar və festivallar üçün açıq yerlər, eləcə də müxtəlif ölçülü 107 sərgi stend daxildir.

Mərkəz Ermənistanın və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gəlirli bazarına daxil olmaq üçün strategiyalar təklif etməklə yanaşı, maliyyə köçürmələri, logistika və nəqliyyat xidmətlərinin göstərilməsi üçün lazımi zəmin hazırlayacaq. Burada hüquqi məsləhətlər, vergi və gömrük xidmətləri də təklif olunacaq. Ona görə də, ticarət mərkəzi İranın Aİİ-yə üzvlük üçün giriş qapısı adlandırılır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: