Bakı-Quba yolunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölənlərin hamısının kimliyi müəyyənləşib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ölənlər “Mercedes-Vito”-nun sürücüsü 1977-ci il təvəllüdlü Yardımlı rayon sakini Qubadbəyli Nəsimi Əlmuxtar oğlu, onun sərnişinləri Şabran rayonu, Uzunboyad kənd sakini, 1971-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov, Musayev İlqar Tərxan oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu və Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini Quliyev Elvin Ramiz oğludur.
“DAF” markalı avtomobilin sürücüsü Qubanın Dağlı kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Atayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
X X X
Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***11:28
Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.
1992-ci il təvəllüdlü olan şəxsin müalicəsinə Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.
***10:45
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Sizyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mersedes Vita” markalı mikroavtobusla TIR toqquşub.
İlkin məlumata görə, yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.