WhatsApp Image 2024 01 09 at 23.06.38

Ermənistan ordusu şərti dövlət sərhədində təxribatları davam etdirir. Sonuncu belə hal Kəlbəcər istiqamətində baş verdi. Ekspertlər iddia edir ki, COP29 və F1 öncəsi bənzər təxribatların olması istisna deyil.

İrəvanı təxribatlara sövq edən nədir?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan hökumətinin “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının birgə fəaliyyəti haqqında” Əsasnaməni təsdiqlədikdən sonra təxribatlar törətməsi diqqət çəkir:

“Əsasnamənin təsdiq olunduğu gün Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribata əl atıb. Göründüyü kimi, Ermənistan ordusunda sabotajçı qüvvələr qalır və onlar hökumətin Azərbaycanla bağlı siyasətinə qarşıdırlar.

Bir qədər əvvəl Paşinyan 17 bəndlik sülh mətninin 13 bəndini razılaşdırdıqlarını və çərçivə sülh sazişinin bağlanmasına hazır olduğunu qeyd etdikdən sonra Naxçıvanla sərhəddə Ermənistan ordusu atəşkəsi pozdu. Ermənistan ordusunun daxilində “Yerkrapa” və “Voma” kimi terror təşkilatları varlığını qoruyub saxlayacaqsa, bu kimi təxribatlar baş verəcək”.

Politoloq qeyd edib ki, Azərbaycanla sərhəddə erməni mövqelərinə “Yerkrapa” terror təşkilatının rəhbəri Sasun Mikayelyanın baş çəkməsi onların təxribatlarda maraqlı olduğunu göstərir:

“Ermənistan baş naziri orduda təxribatçı qüvvələri və Azərbaycana qarşı yaradılan silahlı birləşmələri ləğv etməyincə sülh prosesinə zərbə vuracaq təxribatlar olacaq. Artıq aydındır ki, Paşinyan Ermənistan ordusuna tam nəzarət edə bilmir. Orduda bəzi generallar ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirlər. Xüsusilə keçmiş “Qarabağ klanı”nın orduda dayaqları qalmaqdadır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: