Oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinə böyük maraq var. Sammitdə təşkilata yeni üzvlərin qəbulu, müraciət edən namizədlər haqda müzakirələrin baş tutması gözlənilir.
Toplantı öncəsi Azərbaycan və Türkiyənin təşkilata üzvlük üçün müraciəti, Ermənistanın da qoşulmaq niyyətini açıqlaması diqqət çəkib. Xüsusilə Ankaranın Avropa İttifaqına (Aİ) paralel olaraq BRİKS-də də üzvlük prosesini başlatması müzakirələrə səbəb olub.
Kazanda keçiriləcək sammitdə nələr gözlənilir? Üzvlərin sayının artması Qərblə Şərqin mübarizənin ciddi mərhələyə qədəm qoyması deməkdir?
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Azərbaycanın BRİKS-ə qoşulması Qərb İlə Şərq arasında seçim etdiyi mənasına gəlmir:
“Azərbaycan Şərq ölkələri ilə Qərbə qarşı mübarizə aparmayacaq. Rəsmi Bakının BRİKS-ə qoşulması haqda danışmaq tezdir. Çünki hələ müraciət məsələsi müzakirə ediləcək, bunun üçün üzv ölkələrin yekdil qərarı olmalıdır. Lakin bütün hallarda Azərbaycan təşkilata üzv olarsa, bu, seçim edildiyi mənasına gəlməyəcək.
Eyni hal Türkiyə üçün də keçərlidir. Ankara BRİKS-ə üzv olsa belə, Aİ-yə müaciətdən və ya NATO ilə əməkdaşlıqdan imtina etməyəcək. Türkiyə alyansın ikinci böyük ordusuna sahib etibarlı tərəfdaşdır, həmçinin Azərbaycanın da müttəfiqidir”.

Zaur Məmmədov
Politoloq deyib ki, BRİKS üzvləri arasında Qərblə mübarizə aparan, qarşıdurma yaşayanlarla yanaşı, əməkdaşlıq edən ölkələr də var:
“Azərbaycanın Qərbdə kifayət qədər tərəfdaşı var. Məsələn, İsrail, Böyük Britaniya və İtaliya bu qəbildən olan ölkələrdir. Rəsmi Bakı həmin ölkələrlə qarşı-qarşıya gəlmək istəməz. Yəni nə Türkiyə, nə də Azərbaycan BRİKS-ə Qərbə qarşı mübarizə aparmaq üçün qoşulur.
Üzv ölkələrdən Hindistan, yaxud Cənubi Afrika Respublikasının da Qərblə yaxşı münasibətləri var. BRİKS-i doğru anlamaq lazımdır, bu, bir platformadır, özlüyündə iqtisadi əməkdaşlığı ehtiva edir. Yəni konkret qütbləşmə meyli hələlik yoxdur”.
Turan Rzayev
Globalinfo.az














