“Paşinyan dəhlizi müharibə yolu ilə verəcək, buna görə Rusiyanı günahlandıracaq”.
Globalinfo.az xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan deyib.
O bildirib ki, Paşinyanın bu addımı anti-Rusiya əhval-ruhiyyəsini artıracaq. Ardınca Rusiya bazasının Ermənistandan çıxarılması ilə bağlı tələblər və KTMT-dən çıxmaqla bağlı bəyanatlar səsləndiriləcək.
“Müharibə hər an başlaya bilər. Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən Rusiya ilə münasibətlərə gərginlik gətirib. O, Saakaşvilinin yolu ilə getdi və Qərbin əlində alət oldu. Biz indi Rusiya ilə diplomatik müharibə vəziyyətindəyik. Hakimiyyətin 2018-ci ildə Rusiya ilə başladığı polemika bu gün də davam edir və bu, suverenliyimizi məhvə sürükləyir”, – Tevanyan bildirib.
“Reallıq ondan ibarətdir ki, Paşinyan dəhlizi türklərə verir. O, Rusiyanın vasitəçiliyindən imtina edib. Qərb yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və İran əleyhinə körpücük yaratmaq məqsədi güdür. Paşinyan şəxsi maraqları müqabilində Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasına və dəhlizi Qərbə və Türkiyəyə təslim etməyə razılaşıb”, – deyə Tevanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az