Xarici fondlarla qeyri-leqal əlaqəsi olan QHT-lər üzərindən Azərbaycana daxil olan vəsaitlərə hökumətin tam nəzarət etməsi texniki baxımdan mümkün olmur.
Bununla bağlı iki rəy var: birincisi, xarici donorların bəzi QHT-lərə leqal şəkildə vəsait ayırmasına loyal yanaşmaq. Xaricdən ölkəyə qrant adı ilə gələn milyonlarla dollar-avro vəsaitin önünü açmaq. Bununla həm prosesi nəzarətdə saxlamaq olur, şəffaflıq təmin edilir, həm də Azərbaycana xaricdən valyutanın gəlməsi təmin edilir.
Başqa mövqe isə budur ki, 2014-cü ildən sonrakı status-kvo saxlansın, yəni qadağa rejimi qüvvədə qalsın.
Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Fazil Mustafa deyib ki, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra Qərbin erməni məsələsi üzərindən Bakıya təsir imkanları sıfırlanıb:
“Belə olan halda qrantların alınmasını tam şəffaflaşdırıb, açıq formada etmək lazımdır. Yəni bunun nə təhlükəsi ola bilər? Açıq deyək ki, bu məsələ əvvəllər təhlükəli idi. Belə ki, erməni təsirində hansısa peyklər yaradılır, Azərbaycana təsir etmək imkanları olurdu. Haqlı olaraq hökumət də bu məsələdən narahatlıq keçirir, tədbirlər görürdü. Amma bu gün riskli vəziyyət yoxdur”.
F.Mustafa vurğulayıb ki, yerli QHT-lərin beynəlxalq arenada güclənməsini təmin eləməliyik:
“Xüsusilə daxildə vətəndaş cəmiyyətinin inkişaf edib fəal rol oynamasına köməklik göstərməliyik. Misal üçün, Şuşada ekoaktivistlərin aksiyası ölkəmiz üçün ciddi dividentlər yaratdı. Amma bu şəxslər xarici təşkilatlarla işləsə, təmasda olsaydı, daha çox effekt ala bilərdik.
Bu gün hansısa formada narahat olmaq lazım deyil. Özü də qeyd etdiyim məsələ təkcə QHT-lərlə bağlı deyil, siyasi partiyalar üçün də keçərli olmalıdır. Azərbaycan vətəndaşlarının daha fəal olması zəruridir. Əvvəlki qadağa rejimi aradan qaldırılmalıdır. QHT-lərə güvənmək lazımdır. Bu sektor bəzi insanların fəaliyyəti, gəlir yeri üçün də mühümdür. Yəni mən təhlükəli nə isə olduğunu düşünmürəm”.
Turan Rzayev
Globalinfo.az














