“Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava şəraiti ilə əlaqədar cəbhədə fəallığın azaldığını, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini bildirib. Doğrudan da, son vaxtlar Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarında durğunluq müşahidə olunur. Əlbəttə, bunun əsas səbəbi əlverişsiz hava şəraitidir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, qış fəslinin gəlməsi Ukrayna üçün çətinlik yaradır:
“Çünki qar texnikanın, o cümlədən tankların hərəkətinə çətinlik yaradır. Rusiya isə bu fürsətdən istifadə edərək canlı qüvvəsini və texnikasını bərpa etməyə, əlavə güc yığmağa çalışır. Əlbəttə, bu da rəsmi Kiyev üçün arzuolunan deyil.
Adətən, silahlı qüvvələr əməliyyat planı barədə əvvəlcədən məlumat vermirlər. Çünki bu, bir növ, düşmən dəyirmanına su tökməkdir. Lakin nəzərə almaq lazımdır ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları ilə bağlı əvvəlcədən dedikləri sonradan reallaşmışdı. Məsələn, genişmiqyaslı əks-hücum əməliyyatları əvvəlcədən bildirilən vaxtda avqust-sentyabrda baş tutmuşdu. Bu mənada Reznikovun budəfəki açıqlamasının da gerçəkləşəcəyinə inanmaq olar.
Yer buz bağlayandan sonra texnikanın hərəkəti üçün əvvəlki imkan yenidən bərpa olunacaq. Bu, Ukrayna Silahlı Qüvvələrinə əks-hücum əməliyyatlarını davam etdirməyə imkan verəcək”.
Ekspertin sözlərinə görə, Ukrayna ordusu mövcud potensialını, tərəfdaşlarından silah tədarükünü artırmağa çalışmalıdır:
“Çünki budəfəki mərhələ daha çətin ola bilər. Ukrayna Silahlı Qüvvələrinin yeni genişmiqyaslı əks-hücum əməliyyatları ildırımsürətli olmalıdır. Rusiyaya, belə demək mümkünsə, göz qırpmağa imkan verilməməlidir. Yaşayış məntəqələri ard-arda azad edilməlidir. Bunun üçün isə Ukrayna ordusu indidən hazırlıqlara başlamalıdır.
Rəsmi Kiyevin növbəti genişmiqyaslı əks-hücum əməliyyatlarının nə vaxt başlayacağını dəqiq demək çətindir. Amma düşünmək olar ki, Ukrayna ordusu lazımi hazırlıqları görsə, fevrala kimi növbəti ciddi uğurlar əldə edə bilər. Yanvarda cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlərin baş tutacağı da istisna deyil”.
Turan Rzayev
Globalinfo.az