Rusiyanın Kurskda yaşadığı uğursuzluq və itirdiyi ərazilər fonunda diqqətlər ordu daxilindəki çəkişmələrə yönəlib. İddia edilir ki, bunlar həm də yeni müdafiə naziri Andrey Belousova qarşı içəridə təşkil edilən təxribatdır.
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Rusiya-Ukrayna müharibəsində yeni tezisləri görə bilirik:
“Ukraynanın Rusiyanın Kursk şəhərinə hücum etməsi fonunda rəsmi Moskva daxilində problemlər yaşanmağa başlayıb. Moskvadan təqribən 330 mil cənubda yerləşən Kurska edilən qəfil hücum bir reallığı ortaya çıxardı: Ukraynanın bir çox şəhər və qəsəbələrini dağıdan, milyonlarla insanı didərgin salan Rusiya özü də müdafiəsizdir. Yəni artıq müharibə Rusiya ərazisində də gedir.
Hesab edirəm ki, Kiyev Kremllə gələcək danışıqlarda təsir rıçaqları əldə etməyə çalışır. Onu qeyd edim ki, Rusiya daxilində olan siyasi problemlər və hərbidə kəşfiyyatın işində olan qüsurlar da Kursk hücumunun olmasına zəmin yaradan amillərdən sayılır”.
Ekspert deyib ki, ixtisasca iqtisadiyyatçı olan müdafiə naziri Andrey Belousov Putin tərəfindən vəzifəyə təyin edilib:
Rüstəm Tağızadə
“Vladimir Putin Sergey Şoyqunun vaxtında orduda olan korrupsiyadan xəbərdar olduğu üçün iqtisadçı Andrey Belousovu vəzifəyə gətirdi. Vladimir Putinin ətrafında olan dostları böyük vəzifə sahibidir. Ancaq bu vəzifədə oturan insanlar korrupsiya ilə öz dövlətinə böyük zərər vurur. Orduda olan çatışmazlıqlar və problemlər məhz Şoyqunun vaxtından qalan proseslərdir.
Bundan əlavə Şoyqu ilə yeni müdafiə naziri arasında konflikt olması haqqında da informasiyalar yayılır. Düşünürəm ki, orduda kəşfiyyat problemləri, siyasi elita ilə generallar arasında anlaşmazlıqlar Kursk döyüşünə gətirib çıxaran amillər arasında yer alır. Həmçinin Böyük Britaniyanın Ukraynaya kəşfiyyat işində kömək etməsini yaddan çıxarmaq olmaz.
Bütün bu proseslər fonunda Rusiya-Ukrayna müharibəsində yeni ssenariləri görə bilərik. Kursk hücumu Putinə yeni təzyiq göstərdi, çünki ukraynalıların iki ildən artıqdır davam etdirdiyi eyni tipli bombardmanlar altında rus mülki vətəndaşları təxliyə edildi”.
Turan Rzayev
Globalinfo.az














