Macarıstan hökumətinin ölkədəki ruslarla belarusları işçilər və ailələrin “milli kart” sisteminə daxil etməsi Avropada birmənalı qarşılanmayıb.
Baş nazir Viktor Orbanın iyulun əvvəlində Rusiyaya səfərdən sonra səssiz şəkildə belə bir addım atdığı bildirilir. Qərara əsasən, Macarıstana işləməyə gələn Rusiya və Belarus vətəndaşlarının burada məskunlaşması və işləməsi üçün müəyyən şərait yaradılacaq. Onların bu ölkədə yaşaması tamamilə leqallaşdırılacaq.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, V. Orban gəncliyində çox gərgin bir siyasi atmosferin içində olub:
“Yeniyetmə yaşlarında solçu qruplarla yaxın əlaqə saxlayıb, hətta orta məktəbdə kommunist qrupun rəhbəri kimi fəaliyyət göstərib. Sonradan isə bu xəttdən getdikcə uzaqlaşaraq daha çox macar və türk mülkiyyətçiliyinə yönəlib. Onun tələbəlik illərində yaşadıqları və gördükləri bütün fikirlərini dəyişdirib.
Orban heç vaxt qərbpərəst olmayıb. O, sadəcə Avropa İttifaqına (Aİ) bir platforma kimi baxıb. Avropanın vahid ailə olmasına inanmadığını, Qərbin səmimiyyətini qəbul etmədiyini özü də bildirib. Lakin iqtisadi olaraq Aİ-yə üzv olmaq Budapeştdə sərf edir”.

Zeynal Əmrəliyev
Z.Əmrəliyevin sözlərinə görə, Macarıstan indiki halda Avropa və ABŞ-la əlaqələrini qəflətən kəsə bilməz:
“Bu ölkəni iqtisadi cəhətdən çətin vəziyyətə sala bilər. Brüssel və Vaşinqton güman edir ki, macar xalqı yaxın zamanda hakimiyyət dəyişikliyinə nail olacaq. Orbanın yerinə daha sözəbəxan hökumət gələcək. Ancaq macarlar hazırkı siyasi xətti müdafiə edir. Artıq neçənci dəfədir ki, Orbanın rəhbərlik etdiyi partiya seçkilərdə qalib gəlir.
Macarlar ölkənin türk dünyasına inteqrasiyasını da dəstəkləyir. Baş nazirin Rusiya və Belarusla əlaqələri yaxşıdır, eyni zamanda Ukraynaya da müəyyən yardımlar göstərir. Budapeşt nə qədər Kiyevə dəstək olsa da, özünü də düşünməyə çalışır və düz edir. Orban dəfələrlə bəyan edib ki, Avropa İttifaqı kövrək təşkilatdır və o, Rusiya ilə münasibətləri gərgin saxlayaraq Macarıstanı təhlükəyə ata bilməz. Bu, ölkəsinin maraqlarını düşünən liderin atacağı ən düzgün addımdır. Macarıstan hazırda Avropada inkişaf səviyyəsi güclü olan ölkələrdən biridir”.
Politoloq Rusiya-Ukrayna danışıqlarında Macarıstanın uğurlu vasitəçi ola biləcəyini qeyd edib:
“Macar xalqı Orbanın düzgün siyasətinin bəhrəsini görür. Baş nazirin bu mövqeyi gələcəkdə onun Rusiya və Qərb arasında körpü rolunu oynamasına, vasitəçilik etməsinə də şərait yarada bilər. Çünki Vladimir Putin Orbanın mövqeyinə çox hörmət edir və ona etibarlı müttəfiq kimi baxır. Ukrayna və Rusiya arasında da ən etibarlı vasitəçi elə Macarıstan ola bilər. Biz bu sıraya Türkiyə və Azərbaycanı da qata bilərik. İstənilən halda Orban hökumətinin rus və belaruslu işçiləri milli kart sisteminə salıb rəsmiləşdirməsi onu göstərir ki, Macarıstanın bu iki ölkə ilə iqtisadi-siyasi əlaqələri daha da güclənəcək”.
Turan Rzayev
Globalinfo.az