Bildiyimiz kimi, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib və o vaxtdan onunla əlaqə kəsilib. Sonra onun İranda saxlanıldığı məlum olub. Beləliklə, Fərid İran Məhkəməsinin qərarı ilə “casusluğa cəhd”də ittiham edilib və barəsində 2 illik həbs qərarı çıxarılıb.
Məsud Pezeşkian İranın prezidenti seçildikdən sonra onun Azərbaycan və azərbaycanlılarla bağlı siyasətinin pozitiv olacağına ümidlər artıb. Bu ümidin yaranmasında onun seçkiöncəsi bəyanatları, çıxışları da rol oynadı. Bu baxımdan “Pezeşkian Fəridi Azərbaycana göndərə biləcəkmi” sualı aktualdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyovun fikrincə, Fərid Səfərlinin ölkəyə göndərilməsini İran hökuməti təmin edə bilər və edəcək də.
O deyib ki, İran tərəfi səfirlik məsələsinə görə Azərbaycan qarşısında günahkardır və xoş məram göstəricisi olaraq bunu təmin edəcək:
“Etməsələr, deməli, yeni seçilən prezident sözdə islahatçı, əslində isə mühafizəkarlarla işbirliyindədir. İranda da bilirlər ki, Fərid Səfərli məsələsi qondarma bir prosesdir. Tələbənin hansısa casusluqda ittiham edilməsi absurddur. Hamıya bəlli idi ki, İran tərəfi tələbəni casusluqda ittiham etməklə Azərbaycana qarşı bir növ təzyiq edib. İran kimi dövlətlərdə bu kimi hallardan tez-tez istifadə edirlər. Eyni zamanda daxili auditoriyaya da nümayiş etdirirlər ki, guya onların ətrafında hamı düşməndir, hər kəs onlara qarşı casusluq edir, hətta Azərbaycan da belədir, tələbələri İrana casusluq məqsədilə göndərirlər. O baxımdan həmin vaxt onlara belə lazım idi deyə bu addıma getdilər. Səfirliyimizlə bağlı baş verən məlum hadisələr zamanı onlar dərhal Fərid Səfərlini azadlığa buraxmaq üçün özlərini pis vəziyyətə qoymuş olardılar”.
Politoloq deyib ki, Fərid Səfərlini azad etmək üçün şans var:
“Yeni prezident, yeni komanda hakimiyyətə gəlib. Onlar Azərbaycan, eləcə də digər region ölkələri ilə əməkdaşlıq barədə çox danışırlar. Bunlara əsaslanaraq 90 faiz əminəm ki, onların yaxın zamanlarda atdıqları addımlardan biri də casusluqda ittiham olunan Fərid Səfərlini evə buraxmaq, Azərbaycana təhvil vermək olacaq. Belə olmasa, deməli, İranda mühafizəkarlar hələ də hakimiyyətdədir. Belə çıxır, Məsud Pezeşkianı seçkilərə islahatçı adı ilə məhz onlar göndəriblər. Əsas məqsədləri isə İran elektoratını aldadıb, hakimiyyətə islahatçı adı ilə öz mühafizəkarlarını gətirmək olub”.
Zaira Akifqızı