Polish 20240620 184800892

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycana sülh müqaviləsi ilə bağlı son təkliflərini verdiklərini açıqlayıb. Onun dediyinə görə, amma Bakıdan onlara guya cavab verilməyib. Bundan başqa, o, İrəvanın bir ay ərzində sülh sazişini imzalamağa hazır olduğunu deyib. 

Görəsən, bu bəyanatın reallıq payı var varmı, yoxsa Ermənistan ikili siyasət yürüdür?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistanın bir ay ərzində sülh müqaviləsi imzalamağa hazır olmasını deməsi əslində, daha çox beynəlxalq ictimai rəyə hesablanmış bir addımdır.

A.Nərimanlının sözlərinə görə, İrəvan bununla göstərir ki, guya onlar sülhə razıdırlar, amma Azərbaycan razı deyil:

“Çünki Qərbdən təklif var ki, noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbirlərinə qədər İrəvan və Bakı arasında sülh müqaviləsi imzalansın. İstəyirlər ki, ən azından sülh sazişi ilə bağlı ilkin sənəd olsun. Yəni belə bir mövqe var. Bu halda Bakının da öz tələbləri var. Tələblərdən biri də Ermənistanda konstitusiyanın dəyişdirilməsidir. Eyni zamanda sərhədin delimitasiyasının sülh sazişinə daxil edilməsi məsələsi mövcuddur”.

Asif Nərimanlı deyib ki, Ermənistan tərəfi “sülhpərvər” mövqe sərgiləmək üçün belə bir blef edir:

“Guya bir ay ərzində sülh sazişi imzalamağa hazırdırlar. Halbuki bu, mümkün deyil. Onlar bununla Bakının Ermənistan konstitusiyasını dəyişmə tələbini sıradan çıxarmağa çalışır. Digər tərəfdən də İrəvan istəyir ki, sülh sazişinə sərhədin hansı prinsiplər üzrə müəyyənləşəcəyi istinad edilsin. Xüsusən çalışırlar ki, bura Almatı bəyannaməsi və SSRİ dağılanda mövcud xətlər üzrə müəyyənləşən ərazi məsələsi daxil edilsin. Bununla da Ermənistan hazırda mövcud olduğu ərazini qorumağa çalışır. Hansı ki, onlar SSRİ dövründə Azərbaycan əraziləri olub. Ona görə də fikrimcə, bir ay ərzində olan məsələ sırf blef xarakterlidir. Bunu da mütəmadi olaraq gündəmə gətirirlər. Bu da sülh sazişinin önümüzdəki bir ay ərzində imzalanmasını çətinləşdirir. Bir sözlə, mümkünsüz edir. İrəvanın bu addımı daha çox Ermənistanın guya sülhə hazır olduğunu göstərmək məqsədi daşıyır”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: