Hazırda Ermənistanın siyasi sferasının əsas gündəm mövzusu anti-Rusiya siyasətinin kəskin hal alması, ölkədən rus hərbçilərinin çıxarılması və Qərbə meyillənmə fonunda ABŞ bazasının yaradılmasıdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd qeyd edib ki, Ermənistanda Rusiyanın 3 hərbi bazası var:
“Bunlar hərbi hava bazası, Gümrüdəki 102-ci baza və sərhəd qoşunlarıdır. Son vaxtlar Ermənistan və Rusiya arasında ciddi konflikt var. İrəvan KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Ermənistan artıq Fransadan xeyli sayda silah alır. Bir çox texnika ilə bağlı sənədlər də imzalanıb. Yaxın gələcəkdə həmin silahlar İrəvana veriləcək. Bunlardan “Bastion”lar, gecəgörmə cihazları, “Ground Master 200” (GM200) Ermənistana gətirildi. Fransanın istehsal etdiyi silahlar İrəvan ordusuna yaddır. Onlar NATO standartlarına uyğundur. Ermənistan ordusunun silahlanmasının 90 faizə yaxını Rusiya istehsalı olan silahlarla bağlı idi. Bu o deməkdir ki, ya Ermənistan Parisdə öz zabitlərini oxudub, təlimlər keçirtməlidir, ya da İrəvanda Fransanın hərbi bazası qurulmalıdır. İkinci versiya daha mümkün görünür, çünki Fransa da bunda maraqlıdır”.
Ekspertin fikrincə, ABŞ-Ermənistan münasibətləri hərbi baxımdan da inkişaf edir:
“Antiterror əməliyyatından bir neçə gün öncə Ermənistanla ABŞ hərbçilərinin hərbi təlimi keçirildi və yaxın günlərdə də bu iki ölkənin təhlükəsizlik qüvvələrinin təlimi oldu. Ermənistanda ABŞ və Fransanın hərbi bazasının olması, hərbi əməkdaşlıq etmək istəyi böyükdür. Bunlar real da görünə bilər, amma ABŞ-ın İrəvanda hərbi hava bazası qurması bir qədər inandırıcı deyil. Çünki Ermənistan ərazisi o qədər kiçikdir ki, Rusiya istehsalı olan təyyarələri düzgün idarə etməkdə çətinlik çəkirlər.
Azərbaycan Ermənistandan ərazi cəhətdən bir neçə dəfə böyükdür. Rəsmi Bakı rus hərbi təyyarələri “MİQ”lər və “Su”ların təlimləri, manevrləri zamanı belə İrandan hava məkanı alır. Rahat şəkildə hərəkət edə bilir. Çünki təyyarələrin sürətinə baxmaq lazımdır. “F-35” təyyarəsi alsaq belə ondan istifadə edə bilməyəcəyik. Bunun üçün bir neçə ölkədən hava məkanı alınmalıdır.
İran ABŞ hərbi hava bazasına görə Ermənistana heç vaxt hava məkanı verməz. Azərbaycan və Türkiyənin də məsələyə müsbət yanaşacağını düşünmürəm. Bir variant Gürcüstan qalır. Lakin onun da razılıq verəcəyi gözlənilmir. İran Fransa ilə loyal davrana bilər, amma ABŞ məsələsində bu yanaşamanı nümayiş etdirəcəyi inandırıcı deyil. Son görüşlərdə İbrahim Rəisi də bildirdi ki, ölkəyə kənar qüvvələrin gəlməsinə qarşıdırlar. İranın reaksiyası son dərəcə sərt olacaq”.
Ekspert deyib ki, İran və Rusiya Zəngəzur dəhlizi məsələsində Ermənistanı cəzalandırmağa çalışacaq:
“Rusiya Nikol Paşinyanı devirməyə cəhd edəcək. Hətta bəzi ekspertlər bildirir ki, Gorusun ilhaq edilməsi də istisna deyil. Əslində, Ermənistan bir tərəfdən Rusiyadan qopmağa fərqli yollar axtarır, digər tərəfdən isə region dövlətləri tərəfindən cəzalandırlmasına şərait yaradır. Proses bu formada davam edərsə, Rusiyanın və İranın da mövqeyi açıq şəkildə ortaya qoyularsa, Ermənistanın dövlət kimi mövcudluğu sual altında qalacaq”.
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, son vaxtlar gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda rusiyalı ekspertlərin bu qəbildən açıqlamalar verməsi normaldır:
“Ermənistanda ABŞ-ın hər hansı hərbi bazasının açılacağını düşünmürəm. Rəsmi İrəvan o qədər ağılsız deyil ki, regionda həm İran, həm də Rusiya ilə öz münasibətlərini korlasın. Digər tərəfdən İranın Ermənistanda hərbi baza yaratmaq niyyətində olduğunu vurğulayanlar da var. Amma İrəvan nəticədə Bakının dedikləri ilə razılaşmalı olacaq. Bunun başqa alternativi yoxdur. Bu kimi açıqlamalar Ermənistanda cəmiyyəti hakimiyyətə qarşı qaldırmağa hesablanıb. İrəvan isə Qərb ailəsinə daxil olmaq üçün əlindən gələni edir”.
Ekspert İranın Zəngəzur dəhlizi məsələsini çox uzatmayacağını və məsələnin öz həllini tapacağını düşünür:
“Azərbaycan Naxçıvanla maneəsiz gediş-gəlişini təmin edəcək”.
Safura Bənnayeva
Globalinfo.az