Ermənilər Qarabağda təxribata hazırlaşırlar – Polkovnik

Son günlər İranın Ermənistana silah və hərbi texnika göndərməsi, eləcə də vətəndaşlarının (oxu: agentlərinin) Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisinə qanunsuz səfərləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sözügedən şəxslərin Qarabağdakı separatçılara hərbi təlimlər keçmək üçün gəlməsi haqda xəbərlər də dolaşmaqdadır. Bu isə regionda onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirir.

Bəs mövcud durumda Azərbaycan hansı addımları atmalıdır?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Qarabağda antiterror əməliyyatı keçirmək zəruri hal alıb:

“Təəssüf ki, bu məsələdə çox gecikirik. Qarabağda separatçı qüvvələr xain planlar həyata keçirməyə hazırlaşırlar. Ona görə də biz bu məsələni tezləşdirməliyik. Əlbəttə, İrandan gətirdikləri mütəxəssislər, o cümlədən Ruben Vardanyanın son açıqlamaları riskli vəziyyət yaradır. Biz bu təhlükəni təcili şəkildə neytrallaşdırmalıyıq. Əks halda bu gün kiçik görünən problem, böyüyüb qlobal fəlakətə çeviriləcək”.

Politoloq Əhəd Məmmədli də Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsi üçün əsasların çoxdan yarandığını deyib:

“Ermənistan 10 noyabr razılaşmasına əməl etmir. Heç kəsə sirr deyil ki, Ermənistan İran, Hindistan və bir neçə ölkə tərəfindən silahlandırılır. O silahların Qarabağa gətirildiyi da söylənilir. Bəzi qüvvələr çalışırlar ki, Ermənistan silahlanaraq özünə gəlsin və vaxt qazanıb Azərbaycandan revanş alsın. Ona görə də ilan tam özünə gəlməmiş başı əzilməlidir. Nəinki Qarabağda, ümumiyyətlə, Zəngəzur-Göyçə cəbhəsində də aqressoru sülhə məcbur etmək üçün hərbi əməliyyatlar həyata keçirilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az