Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb.
Belə ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev namizədliklərini irəli sürüblər.
Globalinfo.az Azərbaycan prezidentliyinə namizəd olan 6 şəxsin dosyesini təqdim edir:
Fazil Mustafa
Fazil Mustafa 19 oktyabr 1965-ci ildə, Naxçıvanda anadan olub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirən F.Mustafa 1982-1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib.
F.Mustafa 1984-1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.
Fazil Mustafanın siyasi karyerası da məhz 1991-ci ildə başlayıb. 1991-92-ci illərdə hələ 26 yaşında ikən AXC sədri Əbülfəz Elçibəyin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri, 1991-2001-ci illərdə isə AXCP sədrinin müavini olub. AXC hakimiyyətinə Prezident Aparatında hüquq şöbəsinin müdiri vəzifəsini tutub.
F.Mustafa 2001-2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib. 2003-cü ildə isə hazırda sədri olduğu Böyük Quruluş Partiyasını (BQP) təsis edib.
2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib. 2005, 2010, 2015 və 2020-ci illərdə 4, 5 və 6-cı çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.
2008-ci ilin prezident seçkilərində iştirak edən F.Mustafa 89985 seçicinin səsini alaraq 2,43 % səslə üçüncü olub. 2009-cu ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib.
2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib. Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədridir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.
Zahid Oruc
Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirən Z.Oruc 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə Avtomatika və hesablama texnikası fakültəsini bitirib. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının Elmi Şurasının 5 il üzvü olub.
O, 1994-cü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb.
Zahid Orucun siyasi karyerası 1990-cı ildən başlayıb. Belə ki, həmin ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşulan Z.Oruc aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.
1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib. 2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olan Z. Oruc Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq “Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb. Bundan başqa o, 10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib, çoxlu məruzələrin və təqdimatların müəllifi kimi tanınıb.
12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürüb.
11 fevral 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edib.
Zahid Oruc ailəlidir, 2 övladı var.
Qüdrət Həsənquliyev
Qüdrət Müzəffər oğlu Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olub.
O, AXCP ilə yollarını 2002-ci ildə ayırdı. Sonradan təsis etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri seçildi.
Qüdrət Həsənquliyev 2003-cü il Azərbaycan Parlamentinə təkrar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsindən, 2005-ci ildə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, 2010-cu il və 2015-ci il seçkilərində 7 saylı Ordubad-Culfa seçki dairəsindən və 2020-ci il seçkilərində isə 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat seçilib.
Q.Həsənquliyev 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezident seçkilərində iştirak edib. Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan “İlin Ən fəal millət vəkili” nominasiyası üzrə “Mütərəqqi ideyalar müəllifi” mükafatı ilə təltif olunub.
Razi Nurullayev
Razi Qulaməli oğlu Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsil alıb. 2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb. 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
1994-cü ilin yanvar ayından 1995-ci il noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir işləyən R.Nurullayev bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, “The Daily Mail”, “The Times” və “The Guardian” kimi qəzetlərdən onlarla tərcümələr edib.
1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən “Hyatt Regency” otelində VIP qonaqlarla iş üzrə çalışıb. 1995–1997-ci illərdə “McDermott Marine Construction”da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.
“Çıraq 1” neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərcüməçisi olub. 1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən “BUE Caspian Ltd.” şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.
1998-ci ildən 2001-ci ilə qədər “Baku Steel Company”də menecer köməkçisi və tərcüməçi olub. 2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın “International Alert” təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub.
2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qrammatikasından mühazirələr deyib. 2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun “Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq” şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.
2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.
1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.
2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının koordinatoru olub.
2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2015-ci ildə AXCP-də Əli Kərimli ilə yollarını ayırıb.
2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev Milli Cəbhə Partiyasını təsis edib.
2005, 2010-cu illərdə Milli Məclis seçkilərində namizəd olub.
2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülüb. Seçkidə 29 282 səs toplayaraq 0,74 %-lə 8 namizəd arasında 8-ci, sonuncu olub.
2020-ci ildə keçirilən parlament seçkilərində yenidən deputat seçilib.
Fuad Əliyev
Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə 160 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olunub.
1988–1989-cu illərdə Moskva və Mıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib.
Əmək fəaliyyətinə 1986-cı ildə BNZ-də fəhləlikdən başlayıb. 1989–1991-ci illərdə Səbail rayonun Komsomol təşkilatında (sərbəst katib) işləyib. 1992–1995-ci illərdə Moskva şəhərində firma təsisçi və prezidenti vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsində əməkdaş vəzifəsində çalışıb.
Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. O, 2 ay müddətində Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub. 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub.
1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib. 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib. 2001-ci il sentyabrın 15-də ALDP-nin I qurultayında yenidən sədr seçilib. 2017-ci il aprelin 12-i ALDP V Qurultayında yenidən sədr seçilib. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra, 1 aprel 2023-cü il tarixində partiya fəaliyyətini dayandırıb.
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev 0,77% (28,423 səs) toplamaqla altıncı yeri tutub.
Elşad Musayev
Elşad Musayev 1963-cü il sentyabrın 5-də Ermənistanın Alaverdi rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Evlidir və dörd övladı var.
O, uzun illər Etibar Məmmədovun sədr olduğu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyində təmsil olunub.
Böyük Azərbaycan Partiyası (BAP) 2003-cü il mayın 11-də təsis edilib. 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “Siyasi Partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra 2023-cü ildə təkrar dövlət qeydiyyatına alınıb.
Elşad Musayevin 2003-cü ildə prezident seçkilərində də namizədliyi irəli sürülüb, lakin Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.
O son 5 parlament seçkilərində deputatlığa namizəd olub. Rəsmi məlumata görə, hər dəfə dairə üzrə ikinci səs toplayan namizəd olub.
Elşad Musayev prezidentliyə namizədliyi irəli sürülən 4-cü şəxsdir.
Turan Rzayev
Globalinfo.az














