Ermənistan ilə Rusiya arasında gərginliyin davam etdiyi bir zamanda bir çox erməni rəsmisini düşündürən əsas sual budur: “Rusiya Ermənistana nəql etdiyi qazı kəsərsə nə edəcəyik?”.
Bəzi erməni ekspertlər SSRİ dövründə olduğu kimi Azərbaycandan təbii qaz alına biləcəyini təklif edir. Tbilisidə keçirilən dördüncü İpək Yolu Forumunda çıxış edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyanın Azərbaycandan qaz almağa “hazır olduqlarını” bildirməsi də rəsmi İrəvanın belə bir niyyətinin olduğunu göstərir.
Maraqlıdır, Azərbaycan Ermənistana təbii qaz nəql edə bilərmi? Bu Ermənistanın alternativ planıdır, yoxsa növbəti hiyləsi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanın nəzəri cəhətdən Ermənistana həm qaz satması, həm də Ermənistanın da içində olduğu regional nəqliyyat layihələrində iştirakı mümkündür:
Elxan Şahinoğlu
“Ancaq bunun üçün ilk növbədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Ermənistan həm Azərbaycandan qaz almaq, həm birgə layihələrdə iştirak etmək istəyir, həm də Azərbaycana qarşı qətnamələr qəbul etdirməyə çalışır. İkisi bir arada mümkün deyil.
Paşinyan ilk növbədə özündə cəsarət tapıb Azərbaycanla sülh sazişi imzalamalıdır. Daha sonra Prezident İlham Əliyevin də irəli sürdüyü “Qafqaz evi” təklifi reallaşması üçün üzərinə düşən işləri görməlidir.
Bunun müsbət tərəfi odur ki, müxtəlif ölkələrdəki ermənipərəst siyasi mərkəzlər, o cümlədən ABŞ Konqresi və rəsmi Paris Azərbaycana qarşı “erməni kartı”ından imtina etmək məcburiyyətində qalacaqlar. Təsadüfi deyil ki, Ermənistanın radikal müxalifəti Nikol Paşinyanın “Sülh Qovşağı” təklifinin əleyhinə çıxıblar. Bütün bunlar baş verəndən sonra Ermənistan təbii qazın verilməsindən danışmaq olar”.
Turan Rzayev
Globalinfo.az