kollaj 1

Gözümüzün qarşısında böyük tarix yaşanır. Bir mərhələ rəsmən qapanır. Bəzən yazılır, deyilir ki, 35 illik konflikt sona çatır. Bu, əsla belə deyil. 200 illik konfliktin, işğalın sonuna çıxdıq – bu yanaşma daha doğru və əsaslıdır.

Ruben Vardanyanın Azərbaycan xüsusi xidmət orqanlarının igid əməkdaşları tərəfindən danaboyun edilib, Bakıya gətirilməsi, onun qorxu dolu baxışları, ağlaması ermənilərə dərs olmalıdır! Qondarma rejimin özünü buraxması haqda bəyanatı isə separatizmin kökünün qazıdı, erməni faşizmini gorbagor etdi.

72fd799e d2b8 4d40 8270 7e12d23f363d

Ruben Vardanyan

Əslində 27-28 sentyabr da qələbə günüdür, zəfər təqvimidir. Vaxt var idi, təqvimdə bir gün tapa bilmirdik ki, onu qələbə kimi qeyd edək. İndi hər aya 2-3 qələbə günü düşür.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan müharibədən sonra belə demişdi:

“Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Heç kim Azərbaycanı qınamadı. Dünyanın qanunu budur. Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına razı olmaq məcburiyyətində qalacağıq. Heç bir şey bizdən asılı deyil, hər şey bitdi”.

Gerçəkdən də ermənilər üçün hər şey bitib. Ermənistanın dövlət kimi mövcudluğu şübhə altına düşüb. Bu gün Qarabağdan qaçırlar, sabah Ermənistanda da qalmayacaqlar.

İndi sual verilir: Qarabağdakı Rusiya sülhməramlı kontingenti nə zaman ordan çıxacaq? Açığı, bu, bizim ölkə, xalq olaraq çox da vecimizə olmamalıdır. Bu qədər nəticə olan yerdə Rusiya sülhməramlılarının yeridir?

Ruslar burda qalmaq üçün sinov-filan getmirlər. Onların Qarabağdakı mövcudluğu öncə bizə lazımdır. Rusiya sülhməramlıları orda olmasa idi, hadisələr bu qədər sürətli gedə bilməzdi. Erməni əhalini “türklərdən, müsəlmanlardan qorumaq” adı ilə Fransanın, ya da bir başqa Avropa ölkəsinin hərbi kontingenti bölgəyə göndərilə bilərdi.

Bu fikrə indi gəlməmişəm. 10 noyabr bəyanatı imzalanan gecə bu barədə məqalə yazmışdım. AXCP-Musavat siyasi qaragüruhu deyirdi ki, Qarabağı Rusiya işğal edib. Həmin məqalədə bildirmişdim ki, 1960 nəfərlik hərbçi ilə işğal olmur. Rusiya Qarabağı ermənilərin əli ilə işğal etmişdi. İndi geri çəkildi, neytral qaldı, torpaqları işğaldan azad etdik.

Rusların 2020-ci ilin noyabrında Qarabağa gəlməsində Türkiyənin də rolu və marağının olduğunu ilk gündən demişəm, indi də bu fikrimdə qalıram. Ən sərfəli variant bu idi. Necə ki Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb, sülhməramlı kontingent də bu layihənin bir hissəsi idi. Yoxsa islamafobiya ilə dolub-daşan Avropa tumanını başına çəkib bağıracaqdı ki, Türkiyə və Azərbaycan hərbçiləri Qarabağdakı etnik erməniləri qırır. Bu bəhanə və arqumentlə özlərini Qarabağa soxacaqdılar. Biz isə xristian Rusiyanın vasitəsi ilə avropalıların bu hiyləgər planlarını suya düşürdük.

prez herbi

Prezident İlham Əliyev böyük tarixi qələbə qazandı. O, təkcə erməni işğalını dəf etmədi, “artsax” ideologiyasını tarixin zibilliyinə atmadı, həm də Rusiyanın Azərbaycana qarşı üç əsrə yaxın davam edən işğalçılıq siyasətini zərərsizləşdirdi. İlham Əliyev Azərbaycanı Rusiya hücumundan, aqressiyasından, işğalından sığortaladı. Ukrayna nümunəsində bunun nə demək olduğunu yaxşı anlayırıq.

Toy və ziyafətlərdə araqdan vurub Moskvaya bayraq “sancan” qaragüruh məktəbinin məzmunsuz məzunları isə deyirdilər ki, Rusiyaya müharibə elan edək. Putin 2008-ci ildə Tiflisin bir neçə kilometrinə gedib çıxanda bu adamlar mətbuat vasitəsi ilə İlham Əliyevə çağırış edirdilər ki, Saakşviliyə dəstək məqsədi ilə rusların üzərinə qoşun göndərsin. Onlar hakimiyyətə gəlib, Azərbaycanı ağ günə, işıqlı gələcəyə çıxaracaqları vədini verirdilər. Nə deyəsən…

Artıq Rusiya Azərbaycana əyaləti kimi baxa bilmir. Bizi millət olaraq özünün təbəəsi saymır. Bərabərhüquqlu tərəf kimi qəbul edir. Buna məcburdur. Rusların bizi sevdiyini iddia edəcək qədər sadəlövh deyiləm. Putin qarşısında güclü, qətiyyətli Azərbaycan gördü. Həmçinin tale Rusiyanı Azərbaycanla, Türkiyəyə ilə sıx əməkdaşlığa möhtac qoydu.

Bu münasibət bizi daha böyük qələbələrə qədər aparacaq. Azərbaycan özünün bütün tarixi torpaqlarını işğalçıdan təmizləyib, ərazi bütövlüyünü tam və qəti şəkildə bərpa edənə kimi dayanmayacaq. Planlar var, planlar. Möhtəşəm günlər bizi gözləyir.

Azər Ayxan
Globalinfo.az

Paylaş: