Erməni təxribatlarının davam etdiyi bu vaxtlarda mühüm proseslər baş verir. Azərbaycan təmkinini pozmayaraq qlobal layihələr həyata keçirir. Qarabağda, işğaldan azad edilən ərazilərdə quruculuq-abadlıq işləri sürətlə davam edir. Əhali dədə-baba torpaqlarına geri qayıdır.
Bu proses özü ən böyük informasiyadır. Cəmiyyətdə müəyyən narahatlıqlar var. Ermənistanın təxribatlarının davam etdiyi indiki dövrdə bu narahatlıqlar haradasa təbii sayıla bilər. Sülh danışıqları dalana dirənib. Bunun nə zaman normala dönəcəyi bilinmir. Bir yandan da deyilir ki, sentyabrda hərbi toqquşma gözlənilir. Ermənistanın müharibəyə hazırlaşdığına dair xəbərlər və foto-video faktlar yayılır. Separatçılar səngər qazır, silah daşıyır, mina basdırır – bir sözlə, sülh prosesini zədələyən bütün vasitələrə əl atırlar.
Artıq 1 aydan çoxdur “TIR şousu” davam edir. Laçın yolunun əks tərəfində 19 yük maşını hələ də orada qalır. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının nümayəndələri də bu şouda əsas iştirakçıdırlar. Ermənistanın Azərbaycana qarşı qısqırdılmasında, təxribatlara əl atmasında Fransanın, Avropa İttifaqına üzv bəzi ölkələrin fəallığı göz önündədir.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün keçirdiyi iclas da fiasko oldu. Ermənilər bu məsələdə də nəticə əldə edə bilmədilər.
Erməni təxribatlarının fonunda Azərbaycan təmkinini pozmur. Olanlara rəğmən Qarabağda böyük layihələr icra edilir. Ermənilərin yer üzündən sildiyi kəndlər yenidən salınır, dağıtdıqları şəhərlər bərpa olur, məktəblər tikilir, xəstəxanalar istifadəyə verilir, elektrik stansiyaları işə salınır, yollar çəkilir, tunellər açılır, körpülər inşa olur. Bir sözlə, infrastruktur layihələrin icrasına ara verilmir. Paralel olaraq qayıdış proqramının icrası axsamır. İnsanlar tarixi torpaqlarına qayıdırlar.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcərə və Laçına son səfərləri ölkədə bir saylı xəbər və hadisə statusu qazandı. “Laçın şəhər günü” tədbiri, açılışlar, əhali ilə təmas, uşaqlarla dialoq – bütün proses, əslində, Azərbaycanın qalib duruşunun, əminliyinin göstəricisi idi. Ölkə başçısı və birinci ledi ölkənin xoşbəxt, təhlükəsiz gələcəyinin müjdəsini verirdilər. Hər şeyin yaxşı olacağının xəbərini duyururdular.
Laçın şəhəri. 26 avqust, 2023-cü il
Prezidentin Laçında etdiyi çıxışdakı mesajlar hər şeyi açıb ortaya qoydu. Əslində, bu çıxış bütün narahatlıqların, tərəddüdlərin üzərindən xətt çəkdi. Necə deyərlər, bizim üçün sirr, müəmma olan məsələləri açdı. Gerçəyi gün işığına çıxardı. Prezidentin çıxışı vətəndaşın içini rahatlatdı, ruhunu sakitləşdirdi. Əminlik, güvənlik yaratdı.
Laçında aeroport tikintisi də çox ciddi hadisədir. 2025-ci ildə açılışı olacaq bu nəhəng layihə həm də geopolitik hadisə kimi tarixə düşəcək. Bəziləri deyir, bir-birinə yaxın məsafədə üç aeroport nəyə lazımdır? Bunun izahı dəfələrlə verilib. Lakin bəzən dövlət özünün strateji planları haqda geniş, detallı açıqlama verməyə tələsmir. Zamanla hər şey yerinə oturur. Aeroport mövzusu da belədir – bir müddət sonra hər kəs anlayacaq ki, Laçında, dağın döşündə hava limanı niyə tikilib…
Açıq danışaq, İlham Əliyev bir təhlükə hiss etsəydi, bu qədər məsuliyyətli layihələrin icrasına qol qoyardımı? İşləri sürətlə aparardımı? Əhalini ora köçürərdimi? Milyonlarla vəsait yatırardımı? Əsla! Demək, hər şey Azərbaycan dövlətinin və Prezidentinin nəzarətində, iradəsində, istəyində gedir. Başlıqda yazdığımız sirr də bu cür çözülür. Yəni Prezidentin Əliyevin Qarabağla, işğaldan azad edilən digər ərazilərlə bağlı apardığı siyasət, yürütdüyü fəaliyyət deməyə əsas verir ki, məsələ həll edilib, sadəcə, texniki proseduralar icra edilir.
İlham Əliyevin Laçında çıxışı prosesi tam mənası ilə açır. Həmin çıxışdan sitatı təqdim edirəm:
“Bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Bu çıxışdan sonra əminliklə demək olar: Sülh sazişi imzalanacaq, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq, erməni vətəndaşlarımız o ərazilərdə təhlükəsiz yaşamağı qəbul edəcək, Ermənistan bütün şərtlərimizə əməl edəcək, separatçılar təslim olacaq.
Nəhəng iradə qarşısında bir ovuc erməni, kiçik Ermənistan heç nə edə bilməz.
Azər Ayxan
Globalinfo.az
