Rus ordusu 132

“Rusiya və Azərbaycan prezidentləri 22 fevral 2022-ci ildə Moskvada “strateji müttəfiqlik” haqqında 44 maddəlik bəyanat qəbul etmişdilər. Rusiyanın hökumət saytı bəyanatı Rusiya ilə Azərbaycan arasında münasibətləri “müttəfiqlik səviyyəsinə qaldıran” sənəd kimi xarakterizə etmişdi. Bəyanatın bəndlərindən biri belədir: “Tərəflər öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn fəaliyyətin qarşısını nəinki əngəlləmir, əksinə separatçıların ayaqda qalması və təxribatların davam etməsi üçün var gücü ilə çalışır:

“Kreml həmin bəyanatı və bəyanatdakı bu vacib bəndi arxivə göndərib. Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir. Rusiya Xarici İşlər Nazirliyinin liderlərin Brüssel gönrüşündən bir gün sonra yayımladığı bəyanat Azərbaycanın Qarabağ üzərindəki yurisdiksiyasının təminatının əleyhinə yönəlib”.

Politoloq deyib ki, Rusiyanın Qarabağdakı hərbi kontingenti iki ildən sonra bölgəni tərk etməlidir:

“Azərbaycan Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq. Ancaq Rusiya Qarabağdan çıxmaq istəmir və Kreml yaxın iki il ərzində Azərbaycana təzyiqi artıracaq. Bundan çıxış yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını inkişaf etdirməkdir. Şuşada Türkiyə konsulluq xidmətinin qısa müddətdə açılmasına ehtiyac var. Bu tək konsulluq binası olmayacaq, Türkiyənin Qarabağdakı varlığını gücləndirəcək əsas amillərdən birinə çevriləcək. Bu amilə ehtiyacımız var. Yaxın iki ildə Rusiya Azərbaycana təzyiqi və təxribatları artıracaqsa, Türkiyə ilə siyasi və hərbi ittifaqı daha üst səviyyəyə qaldırmaqdan başqa alternativimiz yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: