Maraqlıdır, indiki məqamda Rusiya taxıl sazişindən çıxacaq, yoxsa bu Qərb və ABŞ-a qarşı blefdir? Türkiyə prosesin qarşısını ala biləcəkmi? Rusiya sazişdən çıxarsa, bu nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Moskva sazişi dayandıracağını deməklə dünyanı şantaj edir:
“Kreml bundan hədə kimi istifadə edərək, özünə qarşı təzyiqləri azaltmağa çalışır. Ümumiyyətlə, Rusiyanın son aylardakı ritorikası təhdid üzərində qurulub. Nüvə müharibəsi ilə bağlı deyilənlər də bunun sübutudur.
“Taxıl sazişi”nə xitam verilməsi Rusiyaya sərf etmir. Çünki bu halda rəsmi Moskva özünün destruktiv mövqeyini bir daha ortaya qoymuş olacaq və Qərbin daha sərt qınağı ilə üzləşəcək. Amma Kreml itirəcəyi nəyinsə olmadığını anlayanda buna gedə bilər”.
Kənan Novruzov
Ekspertin qeyd edib ki, Türkiyə sazişin müddətinin uzadılmasına çalışacaq:
“Çünki bu saziş ilk növbədə Türkiyənin uğurudur. Əlbəttə, Rusiya sazişdən çıxarsa, bu, taxılın dünya bazarındakı qiymətini artıracaq. Eyni zamanda, danışıqlar perspektivi minimum olacaq. Bu, həmçinin Ankara ilə Moskva arasındakı münasibətlərə də təsir edə bilər. Düşünürəm ki, “Taxıl sazişi”nin müddəti növbəti dəfə uzadılacaq”.
Turan Rzayev
Globalinfo.az