Siyavuş Novruzov: “Ayda 80 manat alıram”

Siyavuş Novruzov: "Ayda 80 manat alıram"

“Əslində, mən maliyyə naziri Samir Şərifovu müharibə iştirakçılarının müavinətlərini artırmamaqda günahlandırmamışam, əksinə, xahiş etmişəm ki, büdcədə artım olduğu üçün qazilərə ayrılan məbləği artırsınlar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, layihə Milli Məclisə təqdim olunduqdan sonra müavinətin artırılması ilə bağlı qərar verilə bilər:

“Büdcə artımı ona görə oldu ki, həm vergi, həm də gömrükdən 3 milyarddan çox vəsait əldə etdik. Mən də dedim ki, o məbləğdən qazilərimizə də ayrılsın. Heç olmasa, 80 manat yox, 130-160 manat müavinət verilsin”.

S.Novruzov özünün də Birinci Qarabağ müharibəsində iştirak etdiyini bildirib:

“Müharibədə iştirak etdiyim üçün ayda 80 manat veteranpulu alıram. Çoxu elə bilir ki, həmin 80 manat dolanışıq üçündür, amma elə deyil. Həmin məbləğin nə pensiyaya, nə əlilliyə, nə də işə aidiyyəti var. Əvvəllər müharibə iştirakçıları avtobus, tramvay və metrodan pulsuz istifadə edirdilər. Eyni zamanda, kommunal xərclərdən də azad idilər. Həmin 80 manat bir nəfərin gedişhaqqı və kommunal xərclərini ödəyə bilməsi üçün verilir. Biz görürük, gedişhaqqı və kommunal xərclər artıb, ona görə də təklif edirik ki, veteranın aldığı məbləğ də artırılsın”.

Qeyd edək ki, Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bunları deyib:

“Maliyyə naziri Samir Şərifov, siz burdasız, hamıya pul paylayırsız, nə olar ki, bu qazilərin də “bir abbası”sını verin”.

Zaira Akifqızı
Globalinfo.az