Cənab nazir, gəlin metroya düşək…

Cənab nazir, gəlin metroya düşək...

Bakıda taksi xidmətləri ilə bağlı kəskin dəyişiklik olacaq. Artıq bu haqda ictimaiyyət məlumatlıdır. Bunun anonsunu ilk dəfə may ayının 31-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vermişdi. O, APA-ya müsahibəsi zamanı bir çox detalları açmışdı.

Nazir müsahibənin ilk abzaslarında demişdi:

“Mövcud problemləri dərindən öyrənmək və müvafiq həll yolları təklif etmək məqsədilə nazirlik məsləhətçi şirkətlərin də iştirakı ilə araşdırma həyata keçirdi. Bu araşdırma zamanı xoş olmayan nəticələrlə qarşılaşdıq. Belə ki, statistikaya görə, Bakı şəhərində hər min nəfərə düşən taksi sayı oxşar şəhərlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bu, şəhərdə tıxacların yaranmasına təsir etməklə yanaşı, neqativ ekoloji nəticələrə də gətirib çıxarır”.

Rəşad Nəbiyev bu müsahibədən təxminən iki həftə sonra daha konkret danışıb. O deyib: “Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur:

“Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik”.

Taksi xidmətində özbaşınalıqdır. Xaotik vəziyyət hökm sürür. Burada sistem yaratmaq mütləq lazımdır. Özümüz, ailə üzvlərimiz gündəlik taksi xidmətindən istifadə edir. Əksər rəylərdə xidmətdən narazı qalındığı deyilir. Maşınlardakı antisanitar vəziyyətdən, sürücülərin əksəriyyətinin elementar tələblərə cavab verməyən davranışından hamımız şikayətçiyik. Müştəridən icazə almadan siqaret çəkmələri, gur səslə musiqi dinləmələri, sükan arxasında tum çırtlamaları, uca səslə, uzun-uzadı telefonla danışmaları və s. bu kimi hallardan boğaza yığılmışıq. Hələ bəzi sürücülərin narkotik maddələrin təsiri altında maşın sürmələrini də bura əlavə etsək, o zaman vəziyyətin necə acınacaqlı olduğu çılpaqlığı ilə ortaya çıxar.

Nazirin bu arqumenti ilə razıyıq ki, dünyanın heç bir ölkəsində belə ucuz taksi xidmətinə rast gəlmək mümkün deyil. Ucuz ətin şorbasının olmadığı məlumdur. Amma bu ucuz ətdən niyə şorba bişirmək məcburiyyətində qalmışıq, bunu da araşdırmaq lazımdır. Yoxsa səbəbləri buraxıb, nəticədən yapışmaq düzgün yanaşma deyil.

Rəşad Nəbiyev deyir ki, ictimai nəqliyyatı sərnişinlər üçün cazibəli etmək lazımdır. Bu haqda iyunun 12-də Milli Məclisdəki müzakirələrdə bəzi deputatlar da fikir səsləndirib. Hörmətli Rəşad Nəbiyevdən və deputatlardan soruşuruq: sonuncu dəfə 35-40 dərəcə istidə metroya nə vaxt minmisiniz? Bakının tıxacında kondisionersiz avtobuslarda evdən işə, işdən evə gedəniniz olub?

Cənab nazir, təklif və xahiş edirəm, media təmsilçilərinin iştirakı ilə metroya minin, sonra o köhnə avtobuslarla yol gedin. Məsələnin mahiyyəti sizə də, bizə də onda daha yaxşı aydın olacaq.

Ucuz taksi sifariş verib, o ucuzluğa xatir, çirkli maşında, siqaret tüstüsündə boğularaq yol qət etmək də komfort sayılmaz. Amma heç olmaya, rahat oturub gedirsən. İsti aylarda kondisionerli maşın seçmək imkanın olur.

Dünyanın əksər ölkələrində taksinin baha olmasına gəlincə. Bunun səbəbləri çoxdur. Amma nümunə gətirdiyiniz şəhərlərdə ictimai nəqliyyat komfortuna, rahatlığına görə seçilir. Qışda isti, yayda sərin, təmiz, təhlükəsiz, basabassızdır xaricdə ictimai nəqliyyat. Dünyanın əksər ölkələrində tramvay ictimai nəqliyyatın əsas yükünü çəkir. Hanı Bakıda tramvay? Hardadır trolleybuslar? Bunlar həm də ekoloji baxımdan əvəzsiz nəqliyyat növləridir. Bakıda 20-ci əsrin əvvəlindən tramvay xətləri olub. Sovet dövründə bu təsərrüfat inkişaf etdirilib. Eləcə də Gəncə və Sumqayıt şəhərlərində tramvay-trolleybuslar işləyib. Hacıbala Abutalıbov BŞİH rəhbəri təyin olunandan az sonra o xətləri sökdürdü. Bütün dünya bu nəqliyyat növünü inkişaf etdirəndə bizdə əks proses getdi.

Hazırda Bakıda ictimai nəqliyyata miniləsi deyil. Metroda 3-5 qatardan başqa qalanları 1970-80-ci illərdə istehsal edilmiş vaqonlardan ibarətdir. Səs-küyü bir yana, kondisioneri yoxdur. İnsanlar istidən bayılmaq həddinə gəlir bu aylarda metroya minəndə. Nəqliyyat naziri arada özünə sual verirmi ki, metropolitenə dövlət büdcəsindən hər il ayrılan bu qədər dotasiyaya rəğmən niyə vaqon parkını tam olaraq yeniləmir? Deputatlar nədən BNA-nın, Bakı Metropoliteninin rəhbərlərindən soruşmurlar ki, bu nə təsərrüfatdır saxlayırsınız?!

İslahat yaxşı şeydir, amma bunu elə edin ki, xalqın dolanışığına ziyan vurmayasınız. Metro vaqonları yeniləri ilə əvəzlənsin, qatarlar arasında interval azaldılsın, avtobusların sayı və keyfiyyəti artırılsın, hamısında kondisioner işləsin. Yol infrastrukturuna əl gəzdirilsin. Əsas yollara yaxın ərazilərdə mümkün olduğu qədər tikililər sökülsün, bu tikililərə icazə verən keçmiş və indiki məmurlar cəzalandırılsın. Yoxsa “Uber”n, “Bolt”un, digər aqreqatorun fəaliyyətini məhdudlaşdırmaqla, ucuz taksiləri yığışdırmaqla bu sahədə köklü islahat aparmaq mümkün olmayacaq.

Biz də bu ölkənin vətəndaşıyıq, paytaxt sakiniyik. İstəyərik Bakıda yüksək səviyyəli taksi xidməti olsun. Ailəmiz, övladımız taksidən istifadə edəndə nigaran qalmayaq. Niyyət yaxşıdır, sadəcə, o niyyəti reallaşdırmaq üçün seçilən yol, taktika yanlışdır.

Azər Ayxan
Globalinfo.az