“ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışığını vacib addım kimi qiymətləndirib. Onun sözlərinə görə görüş zamanı tərəflər bir neçə vacib sualları müzakirə etmək, bir-birinin nəzər nöqtəsini görmək imkanı qazanıblar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Kənan Novruzov deyib.
O, V.Patelin problemin sülh yolu ilə həllinə inamını ifadə etdiyini bildirib:
Kənan Novruzov
“Əvvəllər də dediyimiz kimi, ABŞ və Rusiya Cənubi Qafqazda fəallaşıb. Hər iki tərəf sülh müqaviləsinin öz moderatorluğunda imzalanmasına çalışır. Vaşinqton Moskvaya nisbətən sülh müqaviləsində daha maraqlıdır. Çünki Rusiyadan fərqli olaraq ABŞ-ı düşündürən daha çox iqtisadi məsələlərdir.
Ağ Ev Cənubi Qafqazdakı iqtisadi maraqlarının reallaşması üçün regionda təhlükəsizliyin təmin olunması, həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılmasını vacib hesab edir. Bu mənada ABŞ-ın danışıqlar istiqamətindəki təşəbbüskarlığı başa düşüləndir. Rusiya bütün imkanları ilə ehtimal edilən sülh müqaviləsinə mane olmaq istəyir. Amma Vaşinqton israrlı görünür. V.Patelin söylədikləri məhz bu israrın təzahürü kimi qiymətləndirilməlidir”.
K.Novruzov deyib ki, görünür, ABŞ-ın səyləri bundan sonra da davam edəcək:
“Rəsmi Bakı yaranan hazırkı situasiyadan istifadə etməlidir. Ən azından ona görə ki, bu cür cəhdlər Moskvanı neytrallaşdırır.
Gələcəkdə ABŞ-la Rusiya arasında gərginlik daha da arta bilər. Rəsmi Bakı isə bu böhranı fürsətə çevirməli, öz maraqları naminə istifadə etməlidir.
Həmçinin Vaşinqtonun İrəvana da təzyiqini artırması və Moskva təhlükəsi ilə onu hədələməsi mümkündür. Sadə dillə desək, ABŞ Ermənistana deyə bilər ki, mənim söylədiklərimi etməyəcəksənsə, mən də səni Rusiyaya qarşı tək qoyacağam. Bu mənada Ermənistanın işi getdikcə çətinləşir. Rəsmi İrəvan 2, hətta 3 stulda oturmağa davam etdikcə, baş nazir Nikol Paşinyanın həm hakimiyyəti, həm də həyatı təhlükə altında olacaq. Hökumət başçısı bunları unutmamalı və reallıqları nəzərə almalıdır”.
Zaira Akifqızı
Globalinfo.az