Bu gün Çexiya, Slovakiya, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT və öz ölkələrində parlamentdə çalışan nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığa səfəri olub.
Globalinfo.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, səfər iştirakçılarına Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsir və girov götürdüyü azərbaycanlıları öldürüb kütləvi dəfn etdikləri və bu günədək həmin məzarlıqların xəritələrinin təqdim edilmədiyi bildirilib.
O da bildirilib ki, həmin illərdə itkin düşən 4 min nəfərədək soydaşımız barədə Ermənistan indiyə qədər də heç bir məlumat vermir.
Qeyd edək ki, bu il sentyabrın 14-də Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda 12 nəfərin meyitinin qalıqları aşkarlanıb.
Qalıqları tapılan şəxslərin Birinci Qarabağ müharibəsində Ermənistan silahlı birləşmələri tərəfindən öldürülmüş azərbaycanlı əsirlər olduğu açıqlanıb.
Qalıqların üzərində və yanında aşkarlanan əşyalar öldürülmüş əsirlərin hərbçilər olduğunu söyləməyə əsas verir.
Bu ilin fevral ayında Edilli kəndində başqa bir bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında isə bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi aşkarlanmışdı.


















