Prezident 121

Ciddi proseslərin içindəyik. Bir neçə ölkənin, bu ölkələrdə yaşayan onlarla xalqın taleyinə təsir edən dönəmdən keçirik. Müşahidələr deməyə əsas verir ki, hər şey yaxşı olacaq. Bu, “hər şey yaxşı olacaq” ifadəsi, əslində, bütün cəmiyyətləri, xalqları ayaqda tutan, gələcəyə daşıyan enerji, inam dolu bir vasitədir. Adətən qeyri-müəyyən durumlarda işlənir həmin ifadə. Məsələn, bir çarəsiz adama təsəlli yerinə “fikir eləmə, hər şey yaxşı olar” deyilir. Əslində, heç də hər dəfə hər şey yaxşı olmur. Fəqət insanoğlu hər şeyin yaxşı olacağından ümidini üzmür.

Biz isə hər şeyin yaxşı olması üçün buralara qədər böyük savaşlardan keçmişik, itkilər vermişik, məhrumiyyətlər yaşamışıq, faciələr adlatmışıq. Şəhid olmuşuq, Qazi olmuşuq – Qalib olmuşuq! Elə mərhələdir ki, bundan o tərəfdə pis bir şeyin olmasını istəmirik. Yaxşı sonu haqq edirik.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdama səfəri sıradan hadisə kimi görünmür. Bu səfərin özü hər şeyin yaxşı sona doğru getdiyinin sübutu sayılır. Prezidentin Ağdama səfəri yalnız yenidənqurma, bərpa, infrastruktur yaratmaq və s. məsələlərlə əlaqəli deyil. Ağdamda ölkəsinin ağ günləri, təhlükəsiz gələcəyi üçün təməllər atırdı Prezident. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi üzərində çalışdıqları vaxtda, ABŞ-ın bu konflikti sona çatdırmaq üçün ortaya iradə qoyduğu zamanda Prezidentin xanımı ilə Ağdama getməsi, orada təməlqoyma mərasimləri keçirməsi olduqca ciddi məsələdir və önəmli mesajdır. Bizə görə bu mesajların kod adı elə TƏMƏL-dir. Ağdamda və Vaşinqtonda Azərbaycan-Ermənistan münasibətlərini, Güney Qafqaz bölgəsinin taleyinin təməlləri qoyulur.

Azərbaycan axır ki, planlaşdırdığı strateji hədəfə yaxınlaşır. Savaşdan həmən sonra Ermənistana sülh və əməkdaşlıq əlimizi uzatdıq. Ermənilər isə əvəzində konflikti mənasız yerə uzatdı. İndi anlayıblar ki, dünya onları, özlərinin təbirincə desək, satıb. Bunlara güc və vəd verən əsas dövlətlər ABŞ və Rusiya Ermənistanın işğalçılıq siyasətini dəstəkləməkdən imtina edib. Onlara nə hərbi, nə siyasi, nə diplomatik dəstək verilir. Yardım, dəstək kommunikasiyaları kəsilib. Yaranmış yeni reallıqlar üzərində danışıqlar aparılır və iki ölkə arasında kommunikasiyaların bərpasına çalışılır. Sərhədlərin müəyyən edilməsi, delimitasiya, demarkasiya, reinteqrasiya, inteqrasiya… kimi çətin tələffüz edilən və asan gələcəyi assosiasiya edən terminlərin müşayiəti ilə həlledici mərhələyə qədəm qoyulur.

Bu layihənin qarantoru Amerika Birləşmiş Ştatlarıdır. İlham Əliyevin iki ölkə arasındakı problemə Vaşinqtonda son verməklə bağlı hazırladığı plan böyük gediş, ciddi addımdır. Ən maraqlısı budur ki, Rusiya da bu geopolitik planın içində yer almış kimi görünür. Yoxsa istəsəydı, elə Vaşinqtonda XİN rəhbərlərinin görüşü gedən bu günlərdə Qarabağda təxribata əl atardı, Ermənistan ordusunda Rusiyaya bağlı qüvvələrə təlimat verib, atəşkəsi pozdurardı. Etmədi. Moskva bu addıma getmədi. Mümkündür ki, ortada böyük anlaşma var.

Azərbaycanın gücünə baxın: Ukraynada bir-biri ilə ölümünə savaşan iki gücü Cənubi Qafqazda barış, sülh və strateji maraqlar ortağına çevirdi.

Bu da təhlükəsiz gələcəyi təmin edən sülhün sağlam təməllər üzərində qurulması deməkdir…

WhatsApp Image 2023 05 01 at 21.36.28

Azər Ayxan
Globalinfo.az

Paylaş: