Ilham eliyev 1 1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı.

Müsahibədə ən maraqlı nüans isə Prezidentin separatçılarla bağlı qəti mövqe ortaya qoyması oldu.

Misal üçün, Prezident bildirib ki, “Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”.

Əslində ölkə başçısı bu istiqamətdə çıxışları bundan öncə də edib. Bu dəfəki müsahibəsində də bu məsələyə yer verməsi onu deməyə əsas verir ki, rəsmi Bakı Xankəndidə heç bir qondarma qurum, rejim, dövlət tanımır və bundan sonra da tanımayacaq.

Prezidentin çıxışından həm də bu qənaətə gəlmək olar ki, Bakı Xankəndi ilə rəsmi və qeyri-rəsmi təmaslar qurub, lakin bu təmaslar sırf prosesin sülh yolu ilə reinteqrasiya prosesi çərçivəsində tənzimlənməsi mahiyyəti daşıyıb.

“Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır” – Prezident deyib.

Göründüyü kimi Bakı Xankəndidəki erməni icması və konkret şəxslər ilə təmasdadır və müsbət reaksiyalar da alır. Lakin separatçı rejimin sərgilədiyi destruktiv mövqe proseslərin sülh yolu ilə həllinə mane olur. Bu mənada Prezidentin çıxışındakı sərt ton Bakının yumşaq güc siyasətinin hər an sərtləşə biləcəyi, rejimin sıradan çıxması üçün antiterror əməliyyatlarına başlana biləcəyi ehtimallarını yüksəldir.

Bütün hallarda separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb. Onların Bakıya “görüş təklifi” də bunu deməyə əsas verir. Lakin Bakı bir dəfə bu görüşdə iştirak edib. Növbəti görüş mütləq Bakıda olmalıdır. Mümkündür ki, sonuncu dəfə “Bakıda görüşmək və reinteqrasiyanı müzakirə etmək” təklifi veriləcək. Separatçılar bu görüşün keçirilməsinə də mane olsa Azərbaycan praktiki addımların atılmasına başlayacaq.

Turan Rzayev
Globalinfo.az

Paylaş: