Azərbaycan bu iki maşından danışır: bir yanda ermənilər… – VİDEO

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyənin ilk yerli elektromobili “Togg” hədiyyə edildi. Sözügedən elektromobilin ilki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, ikincisi isə Əliyevə verildi.

“Togg” Türkiyə üçün sıradan nəqliyyat vasitəsi deyil. Bunu Prezident Ərdoğanın “60 illik arzumuz gerçəkləşdi” sözündən də görmək olur.

Türkiyə 60 il gözlədiyi mükafatını, nəhayət ki, əldə etdi və onu ilk olaraq qardaşı Azərbaycanla bölüşdü.

“Qardaşım İlham Əliyevə Türkiyənin qüruru “Togg” təqdim edildi. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi qismət etsin, qardaşım”, – bunu Ərdoğan deyib.

Regionda proseslərin gərginləşdiyi, qlobal proseslərin cərəyan etdiyi və İranın hədələrinin artdığı bir vaxtda Ərdoğanın belə bir jest sərgiləməsi Bakının Ankara üçün digər ölkələrdən daha vacib olması faktını bir daha göstərdi və Azərbaycan-Türkiyə münasibətlərində qara buludların olması haqda uydurma iddiaları aradan qaldırdı.

Bu həm də Türkiyə istehsalatında yeni mərhələnin başlanğıcıdır və sözügedən startın Bakıya da müsbət təsirlərinin olacağını proqnozlaşdırmaq mümkündür.

Görünən odur ki, “Togg” iki qardaş ölkənin münasibətlərində hələ “çox məsafə qət edəcək”.

Maşından söz düşmüşkən, ötən gün daha bir nəqliyyat vasitəsi ölkə gündəmində bomba effekti yaratdı. Söhbət Azərbaycan təcili tibbi yardım maşınından gedir – hansı ki, Xankəndiyə daxil olması ilə regionda yeni reallıqlar yaratdı. Bunu biz demirik, erməni ekspertləri deyirlər, yazırlar. Onlar Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin bu dəfə rəsmən başladığını bildirirlər.

Bakı tanklarla ala biləcəyi şəhəri təcili yardımla – humanitar aksiya ilə almağı seçdi.

Bu addım belə Azərbaycanın Qarabağdakı ermənilərin taleyinə biganə qalmadığını, onları öz vətəndaşları kimi qəbul etdiyini deməyə əsas verir.

Azərbaycan Qarabağa bu dəfə qüdrətli Ordusu ilə deyil, xilasedici həkimləri ilə gəlir.

Əgər ermənilər prosesə bu yöndən yanaşsalar, bundan sonra biz Qarabağdan itki xəbərlərini deyil, xilas xəbərlərini eşidəcəyik.

Aqşin Evrən
Globalinfo.az