mekteb sagird 1312

Azərbaycan məktəblərində şagirdlərə sarı, qırmızı və yaşıl kart göstərilməsi məsələsi yenidən gündəmə gəlib. Bu qaydanın tətbiqi ilə bağlı fikirlər birmənalı deyil: bəzi məktəblərdə tətbiq olunsa da, digərlərində bu proses başlamayıb.

Bəs son vəziyyət necədir? Ümumiyyətlə, bu qayda nə qədər effektivdir? İddia olunur ki, bəzi müəllimlər pul müqabilində qırmızı kartı silirlər. Necə nəzarət edilə bilər?

Globalinfo.az-a danışan əməkdar müəllim Sona Əliyeva deyib ki, məktəblərdə kart sistemi ilə bağlı qarışıqlığın səbəbi sadədir:

“Qayda var, amma necə işlədiyini hər kəs bilmir. Rəsmi mövqeyə görə, şagird davranış qaydaları ləğv olunmayıb. İki illik pilot mərhələdən sonra onların bütün dövlət məktəblərində tətbiqi nəzərdə tutulub. Reallıqda isə bir məktəbdə kartlar müntəzəm verilir, digərində bu sistem demək olar ki, kağız üzərində qalıb”.

S.Əliyeva bildirib ki, burada həlledici olan kartın rəngi yox, ondan necə istifadə olunmasıdır:

“Sistemin ən güclü tərəfi yaşıl kartdır. Uşağın yaxşı davranışının qeyd edilməsi və mükafatlandırılması dünyada sınaqdan çıxmış ən səmərəli üsullardandır. Bir çox ölkədə tətbiq olunan müsbət davranış dəstəyi proqramları da eyni nəticəni göstərir: uşağı cəzalandırmaqdan daha çox, ona doğru davranışı öyrətmək və bunu dəyərləndirmək fayda verir.

Cəza kartlarının isə öz riskləri var. Qırmızı kart bütün sinfin qarşısında, uşağı alçaldan bir şəkildə verilirsə, o, davranışını düzəltmək əvəzinə ya içinə qapanır, ya da daha aqressiv olur. Beynəlxalq araşdırmalar da təsdiqləyir ki, yalnız cəzaya söykənən sərt intizam modelləri məktəbi daha təhlükəsiz etmir. Ona görə də kart tərbiyənin son nöqtəsi yox, başlanğıcı olmalıdır. Hər qırmızı kartın arxasında psixoloqla söhbət, valideynlə görüş və uşağın niyə məhz belə davrandığını anlamaq cəhdi dayanmalıdır. Yoxsa kart sadəcə şəxsi işə tikilmiş bir kağız parçasına çevrilir”.

sona eliyeva

Sona Əliyevanın sözlərinə görə, ən narahatedici məsələ kartların pul müqabilində silinməsi ilə bağlı iddialardır:

“Bu iddialar sübut olunmayıb, amma şübhələrin yaranması özü bir siqnaldır. Sistem kağız üzərində və tək bir nəfərin qərarı ilə işlədikdə sui-istifadə riski həmişə qalır. Kartı verən də, silə bilən də eyni müəllimdirsə, şəffaflıqdan danışmaq çətinləşir. Fikrimcə, bunun qarşısını almaq o qədər də mürəkkəb deyil. İlk növbədə kartlar elektron sistemə keçirilməlidir. Hər kartın kim tərəfindən, nə vaxt və hansı səbəbə görə verildiyi rəqəmsal izdə qalmalıdır. Kartın silinməsi isə bir müəllimin istəyi ilə deyil, direktor müavini, psixoloq və sinif rəhbərinin birgə, yazılı əsaslandırılmış qərarı ilə mümkün olmalıdır. Valideyn hər kart barədə avtomatik bildiriş almalıdır ki, sonradan heç bir kart “yoxa çıxmasın”. Nazirliyin müraciət xətləri isə daha geniş tanıdılmalıdır. Belə bir hadisə ilə üzləşən valideyn kimə müraciət edəcəyini dəqiq bilməlidir. Bir sözlə, kart sistemi pis fikir deyil, lakin onun uğuru iki şeydən asılıdır: şəffaflıqdan və pedaqoji yanaşmadan. Kartın məqsədi uşağı qorxutmaq yox, ona doğru yolu göstərmək olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: