ABŞ Prezidenti Donald Tramp Tehranla münaqişənin dayandırılması barədə razılaşma əldə olunmayacağı təqdirdə, yeni ildən sonra İrana zərbələrin bərpasına meyilli olduğunu bildirib.
ABŞ Prezidenti, həmçinin tərəflərin dolayı yolla danışıqları davam etdirdiyini qeyd edib.
Vaşinqton yeni bir “fevral müharibəsi”nə hazırlaşır? İranla danışıqlar yanvara qədər nəticə verə bilərmi?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, yaydan etibarən ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi embarqo artıq ciddi nəticələr verməyə başlayıb:
“İrandan gələn məlumatlarda ölkənin ən yüksək səviyyəli rəsmilərinin iqtisadi sanksiyalardan həddindən artıq əziyyət çəkdiklərini dilə gətirmələri müşahidə olunur. İranda xüsusilə qaz və elektrik enerjisi təminatında ciddi problemlər yaranıb. Dövlət rəsmiləri, o cümlədən Prezident Məsud Pezeşkian əhaliyə elektrik enerjisinə və qaza qənaət etməyi məsləhət görür. Bu, tətbiq edilən sanksiyaların ciddi nəticələr verdiyini göstərir. Məlumatlar var ki, ayrı-ayrı yerlərdə çalışan insanlar etiraz edirlər.
Sürücülərin etirazlarını əks etdirən videolar da yayılıb. Bu, vəziyyətin getdikcə ağırlaşdığını göstərir. Dövlət rəsmiləri nefti sata bilmədikləri üçün ölkəyə xarici valyuta daxil ola bilmir. Bu isə böyük müəssisələrin ixtisarlara getməsi deməkdir. Beləliklə, işsizlər ordusu yaranacaq.

Murad Sadəddinov
İranda insanlar onsuz da etiraza meyillidirlər. Lakin mövcud vəziyyətdə ayaqlanma və etirazlar daha çox risk daşıyır. ABŞ başa düşür ki, hazırkı mərhələdə iqtisadi sanksiyalar daha effektivdir. Fikrimcə, ABŞ indiki məqamda hərbi əməliyyatları müəyyən müddətə dayandırıb iqtisadi sanksiyaların nəticələrini izləyəcək. Yanvarda və fevralda nələrin baş verəcəyini demək çətindir. Çünki proseslər sürətlə dəyişir. Ola bilər ki, bütün bunlar əks-zərbələrin endirilməsinə gətirib çıxarsın. Müharibə yenidən alovlana bilər. Bunun lokal, yoxsa total xarakter daşıyacağını isə zaman göstərəcək”.
Turan Rzayev
Globalinfo.az