Eliyev Mirzioyev

Azərbaycan Türk Dünyasının parlayan ulduzuna çevrilir. Xüsusilə Orta Dəhliz, enerji layihələri və Türk dövlətləri arasında güclənən strateji tərəfdaşlıq Bakının geosiyasi əhəmiyyətini artırır. Azərbaycan həm də Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına çıxışda mühüm nəqliyyat və logistika qovşağıdır.

Ölkəmiz Mərkəzi Asiya və Cənub-Şərqi Asiya üçün hansı əhəmiyyətə malikdir?  Bəs Azərbaycanın Türk Dünyasında liderlik mövqeyi qarşıdakı illərdə hansı yeni imkanlar yaradacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Soyuq müharibədən sonrakı dünya nizamı artıq yeni formasiyaya keçid edir:

“Tamamilə yeni bir nizama doğru yol alan dünyada yenidən “Türk Əsri”ni elan etməyə və yeni nizamı formalaşdırmağa iddialı olan dövlətlərdən biri Azərbaycandır. Ölkəmiz 2000-ci illər ərzində Türk dövlətlərinin siyasi olaraq təşkilatlanmasında xüsusi rol oynayıb. Vaxtilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Türkiyəyə xitabən “biz bir millət, iki dövlətik. Azərbaycanla Türkiyə arasındakı sədlər, sərhədlər, qadağalar, yasaqlar götürülmüşdür…” demişdi. İndiki mərhələ isə bütün Türk dünyasında sədlərin, sərhədlərin, qadağaların, yasaqların götürülməsi həqiqi birliyin yaradılması və gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan müttəfiqliyinin bəyanından sonra, 2022-ci ildə Azərbaycanın Mərkəzi Asiyanın Türk dövlətləri ilə əlaqələri strateji inkişafın növbəti mərhələsinə qədəm qoydu.

sehla celilzade e1755003028631

Şəhla Cəlilzadə

Artıq Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müttəfiqlik münasibətlərinə, Türkmənistanla strateji tərəfdaşlığa malikdir. Türk dünyasında iqtisadi əlaqələr turizm, sənaye, faydalı qazıntılar, kənd təsərrüfatı, bankçılıq, təhsil, mədəniyyət, quruculuq, şəhərsalma və s. sahələrdə birgə investisiya və yatırımlarla qarşılıqlı bağlılığı gücləndirir”.

Politoloqun sözlərinə görə, Özbəkistanda səfərdə olan Prezidentin təməlini qoyduğu yeni layihələr bu istiqamətdə real addımların atıldığını nümayiş etdirir:

“Bu əlaqələr həm Türk dünyasında iqtisadi inteqrasiyanı gücləndirir, həm də Mərkəzi Asiya dövlətlərinin Avropa bazarına çıxışına yeni imkanlar yaradır. Eyni zamanda Türkiyə məhz Azərbaycan üzərindən Mərkəzi Asiyanın türk dövlətləri ilə strateji əlaqələrini və bağlantı layihələrini daha da inkişaf etdirmək imkanı qazanır. Türkiyə-Azərbaycan-Mərkəzi Asiya bağlantısı dünyanın artan enerji və nəqliyyat problemlərinə alternativ – orta həll yolu – Orta Dəhliz yaradır.

Gələcəkdə Türk dünyasında “Şengen zonası”na bənzər vahid iqtisadi zonanın yaradılması, viza və pasportsuz səyahət imkanlarının mümkünlüyü də istisna deyil. Bütün bunlar reallaşdıqca Azərbaycan yeni geosiyasi reallığın tam ortasında, qurucu-konstruktiv güc faktoru kimi qlobal arenadakı rolunu daha da gücləndirəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: