ABŞ Federal Məhkəməsi hökumətin Azərbaycan da daxil olmaqla 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsini dayandırmaq barədə qərarını qanunsuz hesab edib.
Ümumiyyətlə, bu qərarın qəbul edilməsinə səbəb nə idi? Onun ləğvi Azərbaycan vətəndaşları üçün nə vəd edir?
Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, immiqrasiya vizası ABŞ ərazisində daimi yaşamaq hüququ əldə etmək üçün vacib sənədlərdən biridir:
“Bu vizanı alan şəxs sonrakı mərhələdə ABŞ-a köçərək burada daimi məskunlaşa bilər. ABŞ Dövlət Departamentinin, xüsusilə də dövlət katibi Marko Rubionun rəhbərliyi ilə aparılan siyasətin əsas səbəblərindən biri immiqrantların ölkə üçün sosial yükə çevrilməsinin qarşısını almaqdır. ABŞ administrasiyasının qənaətinə görə, immiqrasiya edən şəxslərin müəyyən hissəsi iqtisadi baxımdan zəif təbəqənin nümayəndələridir və onların ölkəyə gəlməsi sosial təminatdan asılı yeni immiqrant qrupunun formalaşmasına səbəb ola bilər. Bu səbəbdən ABŞ-a köçən şəxslərin ölkə iqtisadiyyatına töhfə verən insanlar olması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Lakin sonrakı mərhələdə ABŞ federal məhkəməsi hökumətin bu qərarını qanunsuz hesab edib. Hakim Janet Vargasa görə, bir şəxsin ABŞ-a immiqrasiya etmək hüququ onun hansı ölkənin vətəndaşı olması əsasında kollektiv şəkildə məhdudlaşdırıla bilməz. Çünki immiqrasiya vizasının verilməsi fərdi qaydada həyata keçirilir. Şəxslə müsahibə aparılır, onun sosial və digər vəziyyəti ilə bağlı məlumatlar qiymətləndirilir və qərar konkret müraciət əsasında qəbul edilir”.

Azər Allahverənov
Deputat bildirib ki, bütöv ölkələrə və onların bütün vətəndaşlarına şamil edilən qadağa fərdi müraciətlərə baxılması prinsipinə zidd hesab olunur:
“Məhkəmənin qərarından sonra ABŞ Dövlət Departamentinin qarşısında müəyyən prosedurlar dayanır. Departament məhkəmənin mövqeyini nəzərə alaraq prosesi yenidən başlada və ya başqa hüquqi addımlar ata bilər. Lakin hazırkı mərhələdə əsas məqam odur ki, məhkəmə sözügedən qadağanı qanunsuz hesab edib.
Qadağanın Azərbaycan vətəndaşları üçün mümkün nəticələrinə gəldikdə isə, onun ləğvi immiqrasiya vizasının avtomatik şəkildə veriləcəyi anlamına gəlmir. Hətta 75 ölkəyə tətbiq olunan məhdudiyyət aradan qaldırılsa belə, müraciətlər yenidən fərdi qaydada qiymətləndiriləcək. Müsahibənin nəticələri, şəxsin sosial vəziyyəti və digər müəyyən edilmiş meyarlar nəzərə alınacaq”.
Millət vəkili əlavə edib ki, qadağanın ləğvi Azərbaycan vətəndaşları üçün müsbət addım sayıla bilər:
“Ən azı, immiqrasiya vizası üçün müraciət etmək imkanının yenidən yaradılması deməkdir. Lakin bu, müraciət edən şəxslərin avtomatik olaraq viza alacağına zəmanət vermir. Son qərar hər bir şəxsin fərdi müraciəti və müəyyən edilmiş prosedurlardan keçməsi əsasında qəbul ediləcək”.
Ləman İmran
Globalinfo.az