Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri dərinləşdirməsinin növbəti təzahürü hesab edilir. Dövlət başçısı Özbəkistanın paytaxtı Daşkənddə çıxışı zamanı bu məqama xüsusi toxunub.
“Əməkdaşlığın coğrafiyası genişlənib. Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala, gələcəkdə isə daha böyük inkişaf imkanlarına malik vahid geosiyasi və iqtisadi regiondur”, – İ.Əliyev bildirib.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Qarabağda əldə edilən tarixi zəfər Cənubi Qafqazın da geosiyasi mənzərəsini köklü şəkildə dəyişib:
“Məhz bu yeni geosiyasi reallıqlar fonunda Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər ənənəvi ikitərəfli müstəvidən çıxaraq regionlararası strateji inteqrasiya fazasına qədəm qoyub. Bu transformasiya Azərbaycanın “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ilə kuliminasiya nöqtəsinə çatıb. Sözügedən addım mexanizmin “C6” platformasına çevrilməsini təmin edərək Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid geoiqtisadi və geosiyasi məkanda birləşdirən institusional bazanın təməlini qoyub.
Azərbaycanın tamhüquqlu iştirakı gömrük rüsumlarının sinxronlaşdırılması, rəqəmsal gömrük prosedurlarının tətbiqi və tranzit rejimlərinin beynəlxalq hüquq norma və standartlarına uyğunlaşdırılmasını sürətləndirir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin strateji baxışı ilə Bakı və Daşkənd arasında imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilə və formalaşan “Bakı–Daşkənd oxu” Türk Dövlətləri Təşkilatının real geosiyasi gücə çevrilməsində hərəkətverici qüvvə rolunu oynayır:
“Cənubi Qafqazda suverenliyini tam təmin etmiş Azərbaycan ilə Mərkəzi Asiyanın demoqrafik və strateji mərkəzi sayılan Özbəkistanın sıx əməkdaşlığı TDT-nin daxili konsolidasiyasını təmin edən ana oxu təşkil edir. Qlobal güc mərkəzləri arasındakı rəqabət fonunda Türk dünyasının vahid geoiqtisadi və təhlükəsizlik bloku kimi çıxış etməsi region ölkələrinin xarici təzyiqlərə karşı müqavimətini və strateji muxtariyyətini artırır. Görünən odur ki, İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Böyük Zəfərin Azərbaycanın geosiyasi imkanlarını genişləndirməsi fonunda, ölkəmizin “C5” formatında tamhüquqlu iştirakı Xəzərin hər iki sahilini birləşdirərək Mərkəzi Asiya və Cənubi Qafqazı vahid geopolitik məkana çevirib. Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı ilə dəstəklənən bu yeni reallıq TDT-nin XXI əsrin əsas Avrasiya güc mərkəzlərindən birinə çevrilməsini şərtləndirib.
Azərbaycanın formatda tamhüquqlu iştirakı gömrük rüsumlarının sinxronlaşdırılması, rəqəmsal gömrük prosedurlarının tətbiqi və tranzit rejimlərinin beynəlxalq hüquq norma və standartlarına uyğunlaşdırılmasını sürətləndirir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya uyğun olaraq, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında dəniz dibi kommunikasiyaların və səthi nəqliyyat infrastrukturunun hüquqi tənzimlənməsi mexanizmləri daha da möhkəmlənir”.
Bəhruz Məhərrəmovun sözlərinə görə, zəfərdən sonra İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işlərinə Mərkəzi Asiya dövlətlərinin dəstəyi — Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin və Ağdamda Manas adına məktəbin inşası — regional həmrəyliyin real təzahürüdür:
“Geostrateji və iqtisadi baxımdan Azərbaycanın “C5” platformasına daxil olması Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən şəkilləndirir. İşğaldan azad olunmuş torpaqlarımızda qurulan müasir infrastrukturlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Böyük Zəfərin əsas geosiyasi nəticələrindən biri olan Zəngəzur dəhlizi Çindən və Mərkəzi Asiyadan gələn yük axınlarının tranzit müddətini və xərclərini əhəmiyyətli dərəcədə azaldaraq Orta Dəhlizin rəqabətqabiliyyətliliyini artırır. Enerji sahəsində isə Qazaxıstan, Özbəkistan və Azərbaycanın bərpa olunan enerjinin Xəzər dənizinin dibi ilə Avropaya nəqli layihəsi regionun qlobal “green energy” keçidindəki mövqeyini gücləndirir. Bu inteqrasiya 80 milyondan çox əhalisi olan kollektiv məkan daxilində ticarət dövriyyəsinin kəskin artmasına və sənaye kooperasiyasına zəmin yaradır”.
Safura Bənnayeva
Globalinfo.az