1787497381 e1b098eefc21638dbea2b395bda0395b

Azərbaycan və Özbəkistan arasında imzalanan “Əbədi dostluq haqqında Müqavilə” adı ilə diqqət çəkir. Diplomatik praktikada dövlətlər arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini təsbit edən sənədlərə rast gəlinsə də, “əbədi dostluq” ifadəsinin müqavilə səviyyəsində işlədilməsi Azərbaycan diplomatiyası üçün yeni yanaşmadır.

Prezidentin köməkçisi Hikmət Hacıyev də bunu Azərbaycanın diplomatik təcrübəsində ilk belə addım kimi qiymətləndirib.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, “Əbədi dostluq haqqında Müqavilə” diplomatiyada tamamilə yeni anlayış deyil:

“Amma bu sənədi dövlətlərarası münasibətlərdə geniş yayılmış standart müqavilə kateqoriyasına aid etmək də doğru olmaz. Məsələn, Qırğızıstanla Özbəkistan arasında 2006-cı ildə imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” nümunəsi var. Buna görə də sənədin Azərbaycanın diplomatik təcrübəsində ilk olması anlayışın dünya diplomatiyasında ilk dəfə işlədilməsi yox, Azərbaycanın müasir dövlətlərarası müqavilə praktikasında ilk belə sənədin imzalanması kimi başa düşülməlidir.

Burada diqqət çəkən məqam “əbədi” sözünün siyasi-strateji yüküdür. Bəs “əbədi dostluq” anlayışı müttəfiqlik münasibətlərində nəyi dəyişir?

Aydındır ki, Azərbaycan və Özbəkistanın münasibətləri onsuz da strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Deməli, yeni müqavilə münasibətləri sadəcə “dostluq” mərhələsindən “müttəfiqlik” mərhələsinə keçirən sənəd deyil. Əksinə, artıq mövcud olan müttəfiqliyi gələcəyə hesablanmış siyasi öhdəliklər sistemi ilə möhkəmlənən unikal nümunədir. Müqavilənin mətnində tərəflərin münasibətlərini “əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik” əsasında qurması xüsusi əhəmiyyət daşıyır. Yəni burada “əbədi dostluq” müttəfiqliyin üzərinə əlavə edilən, münasibətlərə zaman perspektivi verən siyasi prinsipdir. Bu, çox mühüm yanaşmadır. Müttəfiqlik konkret geosiyasi və siyasi maraqların kəsişməsidir. Əbədi dostluq isə həmin maraqların arxasında duran strateji etimadın nəsillərarası xarakter almasıdır. Yəni Bakı və Daşkənd demir ki, “biz bu gün müttəfiqik”, deyir ki, bizim münasibətlərimizin siyasi fəlsəfəsi hakimiyyətlərdən, regional konyunkturadan və beynəlxalq sistemdəki dəyişikliklərdən daha uzunömürlü olmalıdır”.

Deputat bildirib ki, müqavilənin adında bir qədər emosional yük daşıyan “əbədi dostluq” ifadəsi olsa da, məzmun kifayət qədər praqmatikdir:

“Tərəflər bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran fəaliyyətə yol verməməyi, ərazilərinin üçüncü tərəflər tərəfindən digər dövlətə qarşı istifadə edilməsinə imkan yaratmamağı öhdələrinə götürürlər.

elcin mirzebeyli
Elçin Mirzəbəyli 

“Əbədi” sözünün əsas hədəfi bu gündən çox sabahdır. Qənaətimə görə, sənədin ən mühüm tərəfi də məhz budur. Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsinə baxanda müqavilənin bu gün üçün zərurət olmadığını demək olar. Çünki siyasi münasibətlər yüksək səviyyədədir, Ali Dövlətlərarası Şura fəaliyyət göstərir, müttəfiqlik müqaviləsi mövcuddur və iki ölkənin liderləri arasında yüksək etimad var. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də yeni sənədi iki ölkənin ümumi gələcək qurmaq istəyinin ifadəsi kimi xarakterizə edib. Deməli, “Əbədi dostluq haqqında Müqavilə” daha çox gələcək nəsillərə hesablanmış siyasi mesajdır.

Bu sənədlə münasibətlərin şəxslərdən institutlara, cari siyasi iradədən dövlət siyasətinə, dövlət siyasətindən isə strateji siyasi ənənəyə çevrilməsi hədəflənir”.

Deputatın sözlərinə görə, sənədin əhəmiyyətini yalnız Bakı-Daşkənd münasibətləri çərçivəsində qiymətləndirmək də düzgün olmaz:

Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm geosiyasi aktorudur. Bu iki ölkənin müttəfiqliyinin daha uzunmüddətli siyasi çərçivəyə salınması Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən əlaqələrin institusional dərinliyini artırır.

Müqavilədə nəqliyyat, logistika, enerji, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl iqtisadiyyat, kosmik texnologiyalar, təhsil, mədəniyyət, dil, turizm və regionlararası əməkdaşlıq kimi çoxsaylı istiqamətlərin ayrıca qeyd edilməsi bunu göstərir.

Yəni söhbət yalnız dostluqdan getmir. Dostluğun iqtisadi, nəqliyyat, texnoloji, humanitar və təhlükəsizlik infrastrukturu yaradılır.

“Əbədi dostluq” müqaviləsi Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcından daha çox, artıq əldə olunmuş müttəfiqliyin gələcək nəsillər üçün siyasi-hüquqi irsə çevrilməsidir.

Bu baxımdan, “Əbədi dostluq haqqında Müqavilə”ni müttəfiqliyin zirvəsi yox, müttəfiqliyin zamanın fövqünə çıxarılması kimi qiymətləndirmək daha doğru olar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: