rayon

Məzuniyyət bir çoxları, xüsusən işləyən şəxslər üçün ilin ən çox gözlənilən dövrüdür. Lakin istirahətə münasibət təkcə seçim məsələsi deyil, həm də maddi imkanlarla bağlıdır.

Azərbaycanda insanlar məzuniyyət üçün orta hesabla nə qədər vəsait xərcləyir? İntensiv iş rejimində çalışan insanın fiziki və psixoloji baxımdan yenilənməsi üçün ildə neçə gün istirahət kifayətdir?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, hətta xaricdə belə, insanların istirahəti onların gəlirlərindən, imkanlarından, dünyagörüşündən, səyahətə olan həvəsindən və digər amillərdən asılıdır:

“Səyahətin aviabilet, yataqxana və ya mehmanxana xərcləri, yemək, viza və digər məsrəflərdən ibarət olduğunu nəzərə alsaq, bu gün səyahət elə də asan başa gəlmir. Xaricdə elə insanlar var ki, bir neçə ay pensiyalarını toplayaraq xaricə istirahətə gedə bilirlər.

İstirahət özü də bir mədəniyyətdir. İstirahəti seçmək üçün insanın buna hazır olması, həvəs göstərməsi lazımdır. Bu, individual məsələdir. Bununla belə, insanların, istər gələcəkdə təqaüd alanların, istərsə də hazırda əməkhaqqı ilə yaşayanların gəlirləri onlara, heç olmasa, ildə bir dəfə öz istirahətlərini təşkil etməyə imkan verməlidir. Bu da sosial müdafiənin göstəricilərindən biri sayıla bilər. Lakin intensiv iş rejimində çalışan insanın fiziki və psixoloji baxımdan yenilənməsi üçün ildə bir dəfə də istirahət etməsi zəruridir”.

İqtisadçı Natiq Cəfərli deyib ki, bu məsələdə ümumiləşdirmə aparmaq çətindir:

“Azərbaycanda elə insanlar var ki, məzuniyyətə çıxanda kifayət qədər böyük məbləğdə pul xərcləyirlər, elələri də var, məzuniyyətə çıxa bilmir. Bu məsələyə konkret cavab vermək çətindir. Bu, fərdi qaydada insanların gəlirlərindən asılıdır.

Hazırda quru sərhədlərin bağlı olması ilə əlaqədar insanlar daha çox öz bölgələrində, rayonlarında istirahət edirlər. Məsələn, kənddə və ya rayonda qohumu olanlar, xüsusilə dağlıq bölgələrdən olan insanlar həmin ərazilərə gedirlər. Bu isə çox böyük xərc tələb etmir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: