“Qarabağ” klubunun Avropadakı uğursuz çıxışı ilə bağlı narahatlıq yaranıb. Komandanın illər sonra qitə miqyaslı turnirlərdən kənarda qala biləcəyi barədə fikirlər səslənir. Azarkeşlər arasında klubun əvvəlki gücünü itirdiyi, hətta baş məşqçi Qurban Qurbanovun komandadan ayrılacağı ilə bağlı iddialar yayılıb.
Bu fikirlər nə dərəcədə əsaslıdır? “Qarabağ”ın uğurlu dövrü başa çatırmı?
Globalinfo.az-a danışan idman eksperti Kənan Məstəliyev deyib ki, burada məsələ bir çox amildən asılıdır:
“Avrokuboklardan bir komandanın kənarda qalması onun fəaliyyətinin və ya bir dövrünün başa çatması demək deyil. “Qarabağ” bu ilin əvvəlində Çempionlar Liqasının pley-off mərhələsində oynayırdı və tarixi uğura çox yaxın olmuşdu. Amma hazırda Konfrans Liqasının təsnifat mərhələsində ilk oyunda məğlub olub və qrup mərhələsinə vəsiqə qazana bilməyə bilər. Təbii ki, qrup mərhələsinə keçə bilməməsi üzüntü doğuracaq. Amma bunu faciə kimi qiymətləndirmək olmaz. Xüsusilə “Qarabağ kimi uzun illər uğurlu çıxış edən komandada nəsil dəyişimi, yenilənmə prosesi gedirsə, müəyyən çətinliklərin yaşanması normaldır. Hazırda da komandada belə bir proses gedir”.
K.Məstəliyev bildirib ki, transfer dövründə kifayət qədər çox sayda legioner transfer olunub, komandadan bir sıra futbolçular ayrılıb:
“Yəni yenilənmə prosesi gedir və bu proses müəyyən qədər uzun çəkə bilər. Prinsip etibarilə belə dəyişikliklərin bir neçə ay, hətta bir-iki il davam etməsi normaldır. Futbolun qaydası da budur. “Qarabağ” Avrokuboklara vida edib və Avropada çıxışını dayandırıbsa belə, bu, komandanın bitməsi və ya bir əfsanənin sona çatması demək deyil. Çünki “Qarabağ”da uzun illər ərzində formalaşmış sistem, düzgün qurulmuş mexanizm var. Sadəcə, hazırda yenilənmə prosesi gedir. Bu proses də asan baş vermir. Məğlubiyyətlər var, olacaq və müəyyən mənada qaçılmazdır. Buna normal yanaşmaq lazımdır”.
Ekspert deyib ki, Qurban Qurbanovun komandadan gedəcəyi ilə bağlı hazırda hər hansı məlumat yoxdur:
“Bunlar sadəcə iddiadır, ortada dəqiq bir məlumat yoxdur. “Qarabağ” Azərbaycan futbolunun ən böyük, ən çox çempion olmuş və ən çox uğur qazanan komandalarından biridir. Belə bir komandanın bir uğursuzluqdan sonra bitdiyini düşünmək doğru deyil. Futbolda belə hadisələr normaldır və buna məhz bu prizmadan yanaşmaq lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az