Xəbər verdiyimiz kimi, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfər edib. Səfər çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunub. Diqqətçəkən məqamlardan biri danışıqlarda İranla bağlı məsələlərin gündəmə gəlib-gəlməməsidir. Ermənistan tərəfi bu istiqamətdə hər hansı müzakirənin aparılmadığını bildirib. Azərbaycanda isə bununla bağlı rəsmi məlumat açıqlanmayıb.
Vens Cənubi Qafqaz turnesində İran məsələsindən danışıbmı?
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Vensin Bakıya səfəri zamanı İran məsələsinin müzakirə olunduğuna dair rəsmi məlumat yoxdur:
“Lakin səfər çərçivəsində İranla bağlı gərginliklərə dolayısı ilə toxunulması istisna deyil. Müzakirələr əsasən ABŞ-ın vasitəçiliyi ilə 2025-ci ilin avqustunda imzalanmış sülh müqaviləsini möhkəmləndirmək, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq sazişləri üzərində aparılıb. Diqqət mərkəzində olan TRİPP layihəsi Mərkəzi Asiya ilə Avropanı birləşdirən yol və dəmir yolu şəbəkəsini nəzərdə tutur. Rusiya və İrandan yan keçdiyinə görə regionda geosiyasi durumu gərginləşdirir.
Mütəllim Rəhimli
Ermənistanın Baş naziri Nikol Paşinyan Vensin səfərinin daha çox iqtisadi xarakter daşıdığını, siyasi məsələlərin ikinci planda qaldığını bildirib. Bununla belə, Ermənistanın İranla sərhədi və Metsamor AES-in ABŞ-ın köməkliyi ilə yenilənməsi kimi məsələlər regionda İranın təsirinə qarşı dolayısı tədbirlər kimi qiymətləndirilə bilər.
Lakin Vens Bakıda jurnalistlərə İranı nüvə müqaviləsi imzalamayacağı halda çətin vəziyyətin gözlədiyini bəyan edib. Bu da onu göstərir ki, ABŞ regionu Rusiya və İranın təsirindən çıxarmaq üçün iqtisadi və hərbi əməkdaşlığı genişləndirir. Hətta Azərbaycan və Ermənistanı İrana təzyiq vasitəsi kimi istifadə etmək istərdi. Çox güman ki, Ermənistan bu sahədə ABŞ-la əməkdaşlıq edəcək. Çünki bu ölkə dəngəsiz və güclünün yanında olaraq başqalarını əzmək siyasətini ənənəyə çevirib. Azərbaycan isə heç zaman qonşularının daxili işlərinə qarışmayıb və onun ərazisindən üçüncü ölkəyə qarşı istifadə edilməsinə imkan verməyib”.
Siyasi şərhçi Elmir Səftərov deyib ki, Azərbaycan fərqli geosiyasi qütblər arasında balanslı siyasət yürüdərək həm regional, həm də qlobal aktorlarla münasibətlərini inkişaf etdirir:
“Bu davranış Azərbaycan–İran münasibətlərində də özünü aydın şəkildə göstərib. Coğrafi yaxınlıq, ortaq tarixi bağlar, dini-mədəni dəyərlər iki ölkə arasında münasibətlərin xüsusi əhəmiyyət daşıdığını göstərir.
Azərbaycan heç vaxt hər hansı bir dövlətə, o cümlədən qonşu İrana qarşı yönəlmiş hərbi bloklarda və ya siyasi qarşıdurmalarda iştirak etməyib. Ölkəmiz regionda qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşmasının tərəfdarıdır. Müxtəlif dövrlərdə regionda və beynəlxalq müstəvidə baş verən gərginliklərə baxmayaraq, Azərbaycan İranla münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipini əsas götürüb.
Elmir Səftərov
Tarixi ədalətsizliklər, regional münaqişələr və uzun illər davam edən qeyri-sabitlik dövrü Azərbaycanın xarici siyasət kursunu dəyişməyib. Torpaqlarımızın 20 faizinin Ermənistanın işğal altında qaldığı dövrdə belə Azərbaycan region dövlətləri ilə münasibətlərini inkişaf etdirməyə çalışıb. Ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra da ölkəmiz regionda yeni qarşıdurmaların deyil, davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirib, yeni əməkdaşlıq platformalarının yaradılması təşəbbüsü ilə çıxış edib.
Azərbaycan hesab edir ki, regionda baş verən hər hansı gərginlik və ya hərbi qarşıdurma bütün ölkələr üçün risk və təhlükə yaradır. Bu baxımdan İranla münasibətlərdə də məqsəd qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarının artırılması, enerji və ticarət əlaqələrinin inkişaf etdirilməsidir.
Qısa və aydın şəkildə qeyd edə bilərik ki, ölkəmiz heç bir tərəfə qarşı platforma rolunu oynamır. Eyni zamanda, öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadə edilməsinə yol vermir”.
Safura Bənnayeva
Globalinfo.az