Hindistanın məşhur müğənnisi Ankit Baliyanın qətli ilə bağlı yeni detallar üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Punjab Kesari” məlumat yayıb.
İstintaq zamanı cinayətin şübhəli iştirakçılarından birinin böyük sərvətin varisi olduğu üzə çıxıb.
Bildirilib ki, 32 yaşlı sənətçiyə avqustun 26-da Şamli şəhərində hücum edilib. Baliyan idman zalından çıxdığı zaman iki motosikletlə əraziyə gələn dörd nəfər ona avtomatik silahlardan atəş açıb. Hücum edənlər hadisə yerindən qaçıb, ağır yaralanan müğənninin həyatını isə xilas etmək mümkün olmayıb.
Polis avqustun 31-də hadisədə şübhəli bilinən iki şəxsin izinə düşüb. Onların polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi və atışma zamanı zərərsizləşdirildiyi bildirilir.
Lakin qətldə iştirak etdiyi ehtimal olunan daha iki nəfər hələ də axtarışdadır. Onlardan birinin 19 yaşlı Satyam Kadian olduğu müəyyənləşdirilib.
İstintaqın diqqət çəkən məqamlarından biri də Kadianın ailəsinin maddi imkanlarıdır. Məlumata görə, ailə Haryana ştatının Karnal şəhərində 60 hektar kənd təsərrüfatı torpağına və iri biznesə sahibdir. Ailənin yeganə oğlu olan Kadianın gələcəkdə bu böyük sərvətin varisi olacağı bildirilir.
Hazırda polis onun və digər şübhəlinin yerini müəyyənləşdirməyə çalışır.
Safura Bənnayeva
Globalinfo.az