
“Əgər Ermənistan Avropa İttifaqına qoşularsa, ölkə ümumi daxili məhsulunun (ÜDM) ən azı 23 faizini itirə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.
“Əmək bazarı 10,5 faiz bəndi azalacaq, inflyasiya 22,6 faiz bəndi artacaq, daxili istehlak isə 20 faizdən çox düşəcək. Enerji daşıyıcılarının, xüsusilə də təbii qazın qiymətləri artmağa davam edəcək və bu da ölkədə həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə səbəb ola bilər”, – Şevtsov bildirib.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk 2 aprel tarixində Ermənistanla ticarət dövriyyəsinin 2025-ci ildə 5,1 milyard dollar azaldığını açıqlayıb. Overçuk bunun Ermənistanın Aİ ilə yaxınlaşması nəticəsində olduğunu söyləyib.
Kreml rəsmisi vurğulayıb ki, Rusiya Ermənistanın Aİ-yə inteqrasiya prosesini izləyir və bunu Moskva üçün qeyri-dost hərbi-siyasi blok kimi qiymətləndirir.
Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın eyni zamanda həm Avrasiya İqtisadi İttifaqına, həm də Aİ-yə üzvlüyünün mümkünsüz olduğunu bildirib, Putin bildirib ki, Moskva İrəvan–Brüssel münasibətlərinə sakit yanaşır və Ermənistana qaz güzəştli qiymətlərlə verilir.
Safura Bənnayeva
Globalinfo.az