“Talat Paşanı boynunun arxasından vuraraq qətlə yetirdilər, bu, erməni terrorunun başlanğıcı idi”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin tanınmış jurnalisti və “Sözcü” qəzetinin köşə yazarı Yılmaz Özdil deyib.
O, Talat Paşanın qətli ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
“Talat Paşa məsələsində hər kəs diqqətlə qulaq asmalıdır. O, Berlin şəhərində boynunun arxasından vurularaq qətlə yetirilib”.
Yazarın sözlərinə görə, Talat Paşanı öldürən şəxs erməni əsilli Soğomon Tehliryan olub:
“O, bir erməni terrorçusu idi. Mən “erməni’ deyərkən, Türkiyədə yaşayan erməni vətəndaşlarımızın inciməsini istəmərəm. Necə ki, Papaya güllə atan Mehmet Ali Ağaca “türk” deyiriksə, bu da elədir. Tehliryan Talat Paşanı Berlində öldürüb. O, hərçənd ki, Erzurumda doğulmuşdu, amma köç zamanı Türkiyədə deyildi, Serbiyada universitetdə təhsil alırdı. Almaniyada guya məhkəmə qarşısına çıxarıldı. “Vicdanım rahatdır, mən öldürdüm” dedi. Verdiyi ifadə bu idi. Lakin məhkəmə ona bəraət verdi. Bu, cinayətin hüquqi əsaslandırılması və Ermənistan mənşəli terrora yol açılması demək idi”.
Özdil bildirib ki, Talat Paşa sui-qəsdi erməni terrorunun başlanğıcı olub:
“Bu, “vurun, bacardığınız qədər vurun” mesajı idi. Ardınca Romada Prens Səid Halim Paşa öldürüldü. Sui-qəsdi həyata keçirən yenə erməni əsilli Arşavir Şıracıyan idi. Tutulmadı, qaçdı. Bir il sonra, yenə Berlində ‘Teşkilat-ı Mahsusa”nın qurucularından Bahəddin Şakir və Cemal Azmi qətlə yetirildi. Yenə heç kim tutulmadı, çünki erməni terroru Avropada açıq şəkildə qorunurdu. Cemal Paşa da Tiflisdə erməni terrorçuları Stefan Çekiçyan və Bedros Beqosyan tərəfindən öldürüldü”.
Özdil əlavə edib ki, Atatürkə qarşı da sui-qəsd planı hazırlanmışdı:
“Yunanıstandan üç nəfərlik sui-qəsd qrupu göndərilmişdi. Biri Edirnədən, ikisi Suriyadan ölkəyə daxil olmuşdu. Hədəf Cümhuriyyətin 1 illik yubileyində – 1924-cü ildə Ankarada Mustafa Kamal Paşanı öldürmək idi. Edirnədən gələnin adı Manok Yanıkyan idi. Eskişehirdə tutuldu, sorğu-sual zamanı hər şeyi etiraf etdi və Ankarada edam edildi”.
Bütün bu hadisələr, Özdilin sözlərinə görə, “Nemesis Əməliyyatı” çərçivəsində həyata keçirilib:
“Nemesis – daşnak partiyasının sui-qəsd planlarına verdiyi kod adı idi. Yunan mifologiyasında intiqam tanrısıdır. Bu əməliyyatın ideya müəllifi Elazığda doğulmuş Şahan Natali idi. ABŞ-a aparılmış, Boston Universitetində oxumuş, vətəndaşlıq almışdı. “Nemesis”in maliyyə dəstəyini o təmin edirdi.
Sui-qəsd qruplarının rəhbəri isə Ermənistanın Vaşinqtondakı səfiri Karakin Pastırmacıyan idi. Erzurumda doğulmuşdu. Hələ köçlər başlamamışdan 20 il əvvəl, yəni sürgünlər ortada yox ikən “Armen Garo” kod adı ilə terror aktları həyata keçirmişdi.
30 silahlı və bombalı terrorçu ilə birlikdə İstanbulda Karaköydəki Osmanlı Bankına hücum etmiş, 154 nəfəri girov götürmüşdülər. Çox sayda insan həlak olmuşdu. Lakin beynəlxalq təzyiqlə əfv olundular, cəzasız qalıb Marselə göndərildilər. Bu hadisələri indi bizə “soyqırım” adı ilə təqdim edirlər”.
Özdil xatırladıb ki, 1973-cü ildən başlayaraq ASALA terror təşkilatı səhnəyə çıxıb:
“İlk hücumda ABŞ vətəndaşı Mıgırdış Yanıkyan, Los-Ancelesdəki baş konsulumuz Mehmet Baydar və konsul Bahadır Demiri Santa Barbaradakı oteldə “sənət əsəri hədiyyə etmək” bəhanəsi ilə otağa çağırdı və arxadan vuraraq qətlə yetirdi. 1984-cü ildə azadlığa buraxıldı.
Sonrakı illərdə Vyana, Paris, Beyrut, Vatikan, Madrid, Lahey, Sidney, Cenevrə, Lisabon və digər şəhərlərdə onlarla diplomatımız ASALA tərəfindən qətlə yetirildi”.
Safura Bənnayeva
Globalinfo.az