Azərbaycan ilin sonuna kimi qarşıda duran, həllini gözləyən 4 layihədən birini icra etdi. Sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirildi.
Qaldı 3 ciddi layihə. “Formula-1” yarışları, COP29 tədbiri və bələdiyyə seçkiləri. Onlardan ikisi – “Formula-1” və COP29 beynəlxalq tədbirdir.
Növbəti ildən paytaxt başqa hansı beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, parlament seçkilərinin qabağa çəkilməsi Cənubi Qafqazı gözləyən geosiyasi gərginliklə bağlı idi.
O, bunu oktyabrın sonlarında Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqələndirib:
“Bu seçkilər Gürcüstanda Qərblə Rusiyanın geosiyasi mübarizə meydanına çevriləcək. Böyük ehtimalla, Rusiyapərəst oliqarx İvanişviliyə bağlı indiki “Gürcü arzusu” hakimiyyəti növbəti “məxməri inqilab” təhlükəsi ilə qarşılaşacaq.
Mümkündür ki, proseslər vətəndaş müharibəsinə yol açsın. Hətta indiki gürcü hökuməti dinc yolla hakimiyyəti təhvil versə belə, onun xələfi böyük savaşdan yayına bilməyəcək. Söhbət Gürcüstanın 2008-ci ildə Rusiya tərəfindən işğala məruz qalan Abxaziya və Cənubi Osetiya əraziləri uğrunda mübarizəsi ehtimalından gedir. Bu, həm də Rusiyaya qarşı ikinci cəbhə açmaq deməkdir. Eyni zamanda qarşımızdakı payız aylarında Şimali Qafqazda da ciddi proseslərin yaşanacağı gözlənilir. Regionumuzun bu dərəcədə yüksək gərginlikli geosiyasi türbülansa düşəcəyi bir zamanda rəsmi Bakının təhlükəsizlik kəmərlərini sıxması və istənilən xarici təxribatlara açıq tədbirlər keçirməsi həqiqətən də riskli idi. Bu mənada mən parlament seçkilərinin qabağa çəkilməsini düzgün qiymətləndirirəm”.
Heydər Oğuza görə, bizdə bələdiyyə sistemi tam oturmadığı üçün ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinin böyük skandallara yol açmaq ehtimalı yoxdur:
“Eyni şəkildə COP29 tədbiri və “Formula-1” yarışı da daxili gərginliyin artırılmasına yol aça bilməz. Əksinə, bu kimi tədbirlər Azərbaycan hakimiyyətinin beynəlxalq güc mərkəzləri ilə münasibətlərimizi tənzimləmək üçün uyğun fürsətlər yaradan platformadır”.
Heydər Oğuzun fikrincə, indiki mərhələdə Azərbaycan özünü geosiyasi savaşların tərəfi olmaqdan maksimum şəkildə qorumalı və lazım gələrsə, təhlükəsizlik tədbirlərini gücləndirməlidir:
“Dövlətin təhlükəsizliyi və stabilliyi hər şeydən öncə gəlir. Yalnız təhlükəsiz və stabil dövlətlər öz mövcudluğunu qoruya və hədəflərinə doğru irəliləyə bilərlər. Bu mənada belə kritik məqamlarda bəzi qulağa xoş gələn şüarlar bir kənara atılmalı və strateji ağıl işə salınmalıdır”.
Heydər Oğuz
Siyasi şərhçi deyib ki, ola bilər növbəti il Azərbaycanda türkdilli ölkələrin tədbirləri keçirilsin:
“Başqa tədbirin olacağını düşünmürəm. Çünki regionda problemlər yaşanacaq. İnanmıram ki, elə bir problemlər olduğu halda əlavə tədbir keçirərək diqqəti Azərbaycana yönəltsinlər”.
Zaira Akifqızı
Globalinfo.az