etibar eliyev

“Space TV”nin efirində yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər mübahisə doğurub.

Globalinfo.az xəbər verir ki, müzakirəyə millət vəkilləri, ictimai şəxslər də qoşulub.

Belə ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa  Amil Xəlilin verilişinin bağlanmasına etiraz etmişdi.

“Audiovizual Şura “Space TV”də dekabrın 25-i yayımlanmış “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib. Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilşlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istəqamətində cəsarətli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyəsi də sağlam məntiqə dayanır”, – deyə o bildirmişdi.

Sabiq deputat, təhsil eksperti Etibar Əliyev isə əks fikri müdafiə edib:

“Amil Xəlilin bu çıxışına görə “Space TV”nin yayımı 3 saatlıq yox, 30 saatlıq dayandırılmalı idi. Bu kəmsavad “jurnalist“in danışıqları arada qarşıma çıxır. Psixi durumunda problem var. “Qızını filan universitetə qoy” – bu nə deməkdir? Əməlli-başlı təhdiddir”.

Ekspert qeyd edib ki, son dövrlərin müşahidələrinə görə qızlar yerli Fənn və Beynəlxalq olimpiadalarda, buraxılış və qəbul imtahanlarında oğlanlardan heç də geridə qalmırlar:

“2024/2025 tədris ilində 102 Prezident təqaüdçülərindən 48-i qızlardır. Məsələn, Bakı Dövlət Universitetinin keçən ilki Prezident təqaüdçülərinin (16 nəfər) 11-i qızlardır. Bakı Ali Neft Məktəbinin Prezident təqaüdçülərinin sırasında qızlar 11 nəfərdir.  Qızların elmdə və təhsildə rolunun artmasının qarşısını almaq mümkün deyil və bu amil ölkə üçün əhəmiyyətlidir. Televiziyalarda səfeh, ictimai rəyi çaşdıran verilişlərə yol verilməməlidir. Hər bir televiziyanın səviyyəsi ona rəhbərlik edən şəxsin səviyyəsindədir. Murad Dadaşov üçün “Komediyaxana” verilişi elmi-populyar verilişlərdən üstündür. Vadonun da yəqin ki, ən yaxşı jurnalisti Amildir”.

Günel Cəlil
Globalinfo.az

Paylaş: