Etiraz doğuran nikahla bağlı rəsmi açıqlama

Mingəçevir şəhərində yeniyetmənin ailə qurması ilə bağlı hazırlanmış süjet sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Mövzunu Globalinfo.az-a şərh edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə həm televiziyanı, həm də 32 yaşlı bəyi qınayıb:

“Xüsusi qayğıya ehtiyacı olan bir oğlan 16 yaşlı qızla “ailə qurub”, bunun nəyi evlilikdir?! Bu normaldır?! Söhbət azyaşlı qızdan gedir! Kim nə istəyir, etməli deyil. Cəmiyyət bunu görür və eyni düşüncədə olanlar təkrarlamağa başlayırlar. İnsanlar məsələyə fərqli yanaşırlar. Onların ailə qurmasına etiraz edirəm! Bunu təbliğ edən məhz televiziyalardır! Artıq televiziyalar cəzalandırılmalıdır!”

Daxili İşlər Nazirliyi 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə yayılan görüntüyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun sözlərinə görə, həmin şəxslər ötən il dekabr ayında könüllü olaraq ailə qurublar:

“Burada məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq”.

Zaira Akifqızı
Globalinfo.az