diplomatlar qarabag 11

Məlum olduğu kimi, sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub.

Diplomatik nümayəndələrin regiona səfərinin yekunlarını və əldə olunan nəticələri nədən ibarətdir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanın postkonflikt dövründə formalaşdırdığı yeni regional paradiqma çərçivəsində ölkədə akkreditə olunmuş diplomatik korpusun 58 dövlət və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik heyətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına gerçəkləşdirilən növbəti genişmiqyaslı missiyası dövlət suverenliyinin de-fakto və de-yure bərpasının beynəlxalq hüquqi və siyasi müstəvidə imperativ şəkildə təsbit olunması aktıdır:

“Sözügedən səfər işğaldan azad edilmiş ərazilərdə konstitusiya quruluşunun reallaşdırılması dinamikasını və Azərbaycan dövlətinin transmilli geosiyasi mühitdə şəffaflığa söykənən yumşaq güc strategiyasını bariz şəkildə təcəssüm etdirir.

Siyasi-hüquqi rakursdan təhlil etdikdə, səfərin əsas nəticələrindən biri “in-situ verification” – yerində müşahidə mexanizmi vasitəsilə beynəlxalq informasiya məkanında sistemli xarakter daşıyan dezinformasiya vektorlarının və assimilyativ motivli iddiaların neytrallaşdırılmasıdır. Sirr deyil ki, diplomatik praktikada fiziki mövcudluq faktoloji üstünlüyün təmin edilməsi üçün ən təsirli vasitə hesab olunur. Diplomatların Xudavəng və Gəncəsər kimi tarixi-dini kompleksləri ziyarət etməsi regiondakı mədəni-konfessional irsin unifikasiya olunmadan, mənşəyindən asılı olmayaraq bu irsin əsl sahibi kimi Azərbaycan tərəfindən bərabər hüquqi mühafizə rejiminə tabe tutulduğunu və ölkəmizin beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə mütləq riayət etdiyini nümayiş etdirdi”.

behruz meherremov 13 900x600 1

Bəhruz Məhərrəmov

Deputatın sözlərinə görə, missiyanın digər mühüm nəticəsi inzibati-ərazi vahidlərində mülki-hüquqi infrastrukturun və sosial-iqtisadi inteqrasiyanın sürətli bərpası prosesinin əyani subyeksiyasıdır:

“Xankəndi Nəqliyyat Kompleksi, Qarabağ Universiteti, Şuşadakı mülki yaşayış massivləri və Kəlbəcərdəki strateji infrastruktur obyektləri ilə tanışlıq göstərir ki, dövlət münaqişədən sonrakı ərazidə yalnız hərbi-siyasi nəzarəti deyil, həm də dayanıqlı məskunlaşmanın və reinteqrasiya prosesinin hüquqi-institutlaşdırılmış zəminini təmin edib. Şuşada Meksika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə təşkil edilən rəsmi diplomatik qəbul isə regionun beynəlxalq hüququn suveren subyekti daxilində tamhüquqlu diplomatik münasibətlər arealına çevrildiyinin simvolik təzahürüdür.

Yəni ümumiləşdirsək, əminliklə demək mümkündür ki, beynəlxalq diplomatik heyətin bu geostrateji missiyası Azərbaycanın regional təhlükəsizlik, institusional bərpa və unifikasiya olunmuş hüquqi mühit təklif edən müasir dövlət modelinin beynəlxalq aktorlar tərəfindən daha əsaslı qəbulunun sürətləndirilməsinə, eyni zamanda diplomatik nümayəndələrin birbaşa müşahidələri əsasında hazırlayacaqları analitik hesabatlarla postkonflikt reallıqlarının obyektiv beynəlxalq qiymətləndirilməsinə, habelə regiona xarici investisiyaların və texnoloji resursların cəlb olunması üçün hüquqi və siyasi mühitin daha da legitimləşdirilməsinə xidmət edəcək”.

Siyasi şərhçi Anar İsayev isə deyib ki, bu səfər yalnız Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin diplomatik nümayişi kimi deyil, Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatıdır:

“11–12 sentyabr tarixlərində diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura aparılması mühüm diplomatik addımdır. Çünki diplomatların Bakıda verilən məlumatları dinləməsi ilə həmin ərazilərə gedərək real vəziyyəti öz gözləri ilə görməsi arasında ciddi fərq var. Bu baxımdan səfərin əsas siyasi mesajı belədir: Azərbaycan Qarabağda hərbi mərhələdən sonra quruculuq, reinteqrasiya və dayanıqlı inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.

Azərbaycan üçün mühüm məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda yaranmış vəziyyətin beynəlxalq diplomatik dairələr tərəfindən düzgün qiymətləndirilməsidir. Diplomatların ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələri, infrastruktur, nəqliyyat layihələri və Böyük Qayıdış prosesi ilə tanış olması Azərbaycanın verdiyi mesajların praktiki müstəvidə təsdiqlənməsinə xidmət edir.

Burada xüsusi məqam ondan ibarətdir ki, Azərbaycan artıq Qarabağ məsələsini yalnız münaqişə və təhlükəsizlik prizmasından təqdim etmir. Gündəliyi tədricən “münaqişədən sonrakı inkişaf”, “sülh”, “iqtisadi inteqrasiya”, “regional bağlantılar” və “qayıdış” mövzularına keçirir. Bu səfərin digər mühüm tərəfi informasiya-diplomatik aspektidir”.

Ekspertin sözlərinə görə, AzərbaycanErmənistan arasında sülh prosesinin davam etdiyi bir dövrdə Qarabağ və sərhəd istiqamətləri ilə bağlı müxtəlif iddiaların, siyasi manipulyasiyaların və fərqli interpretasiyaların ortaya çıxması mümkündür:

“Belə şəraitdə diplomatların əraziyə aparılması “kim nə deyir?” müstəvisindən “reallıq yerində necədir?” müstəvisinə keçidi təmin edir. Bu, xüsusilə xarici ölkələrin diplomatik nümayəndələri üçün vacibdir. Onlar gördükləri mənzərəni öz hökumətlərinə və paytaxtlarına çatdırmaq imkanına malikdirlər. Beləliklə, səfər təkcə protokol tədbiri deyil, həm də Azərbaycanın diplomatik kommunikasiya strategiyasının bir hissəsidir. Səfər həmçinin Böyük Qayıdışın siyasi əhəmiyyəti nümayiş etdirilir.Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesinin ən mühüm komponentlərindən biri insanların öz doğma ərazilərinə qayıdışıdır.

Bu baxımdan diplomatların səfəri Azərbaycanın “ərazilərin bərpası” siyasətindən daha geniş bir konsepsiyanı – yaşayış məntəqələrinin yenidən qurulması, sosial-iqtisadi həyatın bərpası və əhalinin geri qayıtması prosesini nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın sülhə yanaşmasının bir aspektini göstərir: müharibədən sonrakı mərhələdə əsas məqsəd yalnız ərazi məsələsinin həlli deyil, həmin ərazilərdə normal həyatın bərpasıdır”.

Anar Isayev

Anar İsayev

Siyasi şərhçi qeyd edir ki, səfəri yalnız Qarabağ çərçivəsində qiymətləndirmək düzgün olmazdı:

“Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın daha geniş regional bağlantı siyasətinin mühüm hissəsinə çevrilir. Zəngəzur dəhlizi, Naxçıvan bağlantısı, Şərq-Qərb nəqliyyat marşrutları və Orta Dəhliz kontekstində bu ərazilərin iqtisadi və geosiyasi əhəmiyyəti artır. Deməli, diplomatlara göstərilən yalnız “bərpa edilmiş ərazilər” deyil, həm də gələcəkdə Azərbaycanı regionun mühüm nəqliyyat, logistika və iqtisadi qovşaqlarından birinə çevirə biləcək coğrafiyadır.

Burada daha incə siyasi məqam da var. Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin ön planda olduğu bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasının nümayiş etdirilməsi Bakının sülh prosesinə yanaşmasını da əks etdirir.

Azərbaycanın mesajı faktiki olaraq belə formalaşır:

Müharibə başa çatıb, indi əsas məsələ regionda uzunmüddətli sülhün, iqtisadi əməkdaşlığın və kommunikasiyaların qurulmasıdır.

Bu baxımdan səfər həm də beynəlxalq tərəfdaşlara Azərbaycanın postmünaqişə gündəliyini təqdim etmək vasitəsidir.

Ümumilikdə, mən 11–12 sentyabr səfərini Azərbaycanın diplomatik, informasiya və siyasi baxımdan çoxməqsədli addımı hesab edirəm.

Əgər əvvəlki illərdə Qarabağla bağlı əsas diplomatik mübarizə “münaqişənin mahiyyəti və ərazi məsələsi” ətrafında gedirdisə, hazırda gündəlik dəyişir. Azərbaycan çalışır ki, beynəlxalq diplomatik dairələrin diqqəti “Qarabağda nə baş verdi?” sualından “Qarabağda indi nə qurulur və regionun gələcəyi necə formalaşır?” sualına yönəlsin.

Məhz bu səbəbdən Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri mənim fikrimcə, Azərbaycanın postmünaqişə reallıqlarını beynəlxalq səviyyədə institusional şəkildə təqdim etmək, Böyük Qayıdış və quruculuq prosesinə beynəlxalq diqqəti artırmaq, həmçinin sülh və regional inteqrasiya gündəliyini önə çıxarmaq baxımından əhəmiyyətli diplomatik təşəbbüsdür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: