Türkiyə Rusiyanı, Pakistan İranı neytrallaşdırır, sonra isə… – Azərbaycanla bağlı planlar

Pakistan mühüm güc və nüvə dövlətidir. Bu ölkə 44 günlük Vətən müharibəsində Azərbaycanı birmənalı dəstəklədi. Ermənistanla isə münasibətləri demək olar ki, yox səviyyəsindədir. Hazırkı geopolitik vəziyyətdə Pakistan kimi regionun qüdrətli dövləti ilə bu həddə yaxın olmağımız, müttəfiqlik etməyimiz bizə hansı dividentləri verə bilər? Söhbət təkcə Ermənistandan getmir. İran məsələsində Pakistanın rolunu ciddi əhəmiyyət kəsb edir. Türkiyə və Pakistan kimi bölgənin iki aparıcı güc mərkəzi ilə yaxınlıq Azərbaycanın mövqeyini inanılmaz həddə gücləndirir.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib ki, Pakistan amili ciddi qiymətləndirilir.

Politoloq deyib ki, Pakistanın beynəlxalq münasibətlərin formalaşmasında həm BMT-nin, həm də bir sıra beynəlxalq təşkilatların üzvü kimi ciddi təsir gücü var:

“Pakistan uzun illərdirki Azərbaycanla strateji tərəfdaşlıq telləri ilə bağlıdır. İkinci Qarabağ müharibəsində bizim yanımızda oldu, hər cür dəstək verdi. Nəticə etibarilə qələbə əldə etməyimizdə onun da qatqıları oldu. Üstəlik, bölgənin digər super və regional gücü olan Türkiyə ilə də müttəfiqlik və strateji əlaqələrimiz var. Bu, daha inkişaf etmiş, formalaşmış yeni keyfiyyət çalarları ilə fərqlənən bir birlikdir, həm də bu birlik genişlənməkdədir.

Eyni zamanda Azərbaycan Türk Dövlətləri Təşkilatında Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla da strateji tərəfdaşlıq edir. Türk Dövlətləri Təşkilatı inkişaf etdikcə, ciddi güc mənbəyinə çevrildikcə, Azərbaycan üçün çox böyük dəstək və yeni güc əlavəsi olacaq”.

Politoloq qeyd edib ki, Azərbaycanın önündə duran, ona qarşı təxribatları ilə seçilən iki əsas güc Rusiya və İrandır:

“Ermənistanla münasibətlər düşmənçilik mövqeyində olsa da, sülh sazişinin imzalanmasına və bölgədə müəyyən sabitliyin əldə edilməsinə ümid var. Bu gün əgər bölgə sakit deyilsə, yenə də sərhədlərdə atəşkəs rejimi pozulursa, digər xoşagəlməz hadisələr baş verirsə, bunun ilk növbədə əsas səbəbi Rusiya, ikinci növbədə isə onunla bərabər hüquqda İrandır.

Biz bu dövlətləri neytrallaşdırmaq üçün kifayət qədər manevrlər edirik. Qardaş ölkə Türkiyə Rusiya ilə münasibərlərin müəyyən bir tonda saxlanılmasına öz dəstəyini verir, bu istiqamətdə ciddi çalışır. Pakistan qardaşımız isə bizimlə İranın bizə olan müxtəlif fitnəkar hərəkətlərini neytrallaşdırmaq üçün müəyyən cəhdlər edir və bu cəhdlər də təsirsiz ötüşmür”.

Qabil Hüseynli

Q.Hüseynli vurğulayıb ki, son zamanlar həm Rusiya, həm də İranın Azərbaycana qarşı ehtiyyatla davranmasının əsas səbəblərindən biri də Qardaş Türkiyə və Pakistandır:

“Əminəm ki, iki qardaş ölkənin köməyi ilə bölgədə dayanıqlı, möhkəm sülh əldə ediləcək. Bölgə özünün surətli inkişafı və rifah dövrünə qədəm qoyqcaq. Zənnimcə, erməni əhalisinin böyük hissəsi də bunu tələb edir, ürəyindən keçirir. Sadəcə, orada bir ovuc revanşist, rusların fitnəkar rolu hələ də ermənilərlə bir sıra məsələlərdə dil tapmağımıza əngəllər törədir. Amma bütün bunlara baxmayaraq, biz artıq Zəngəzur dəmiryolu və şosse yolunun çəkilməsi haqqında prinsipial razılaşmalara nail olmuşuq. Üstəlik, Rusiya ilə birlikdə Şimal-Cənub dəmiryolu xəttinin də reallaşdırılmasına çox yaxınıq. Bu məsələdə açar rolunu oynayan Azərbaycan Respublikasıdır”.

Politoloq deyib ki, hələlik dəmir xətti və şose yolunun işlənilməsinə dair üçlü müqavilənin imzalanmasına ehtiyac var:

“Bu məsələ İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasından keçir. Son dövrlər İranın ritorikasının dəyişməsi və yaltaq bir formada yenidən qardaşlıq və yaxın qonşuluq münasibətlərindən danışması məhz bununla əlaqədardır.

Rusiya İrana müntəzəm təyziq göstərir, Şimal-Cənub dəmiryolu, həmçinin Zəngəzur dəmiryolu və şosse yolu xəttinin açılmasına da dəstək verir. Hər halda bu dəstək Azərbaycan üçün deyil. İrana lazımdır. Rusiya üçün isə hava və su kimi lazımdır. Ona görə də bölgədə sülhün və əminamanlığın olması bölgə dövlətlərinin marağındadır. Amma təəssüf ki, belə bir sülhün yaranmasına hələ də şimal və cənub qonşularımız mane olmaqda davam edirlər”.

Zaira Akifqızı
Globalinfo.az