iran zengezur moskva scaled

Erməni politoloq Qagik Ambaryan deyib ki, Zəngəzur dəhlizi qlobal layihənin bir hissəsidir və Rusiya Zəngəzur dəhlizinin açılmasına icazə verməməlidir: “Bu, Qərbin planıdır. Vaşinqton və Ankara onu birgə reallaşdırırlar. Proses Rusiya və İranın parçalanması, türkdilli ərazilərin onların tərkibindən çıxması ilə bitəcək. Ona görə də Tehran bu məsələdə hamıdan çox narahatdır”.

İranla Rusiya Zəngəzurda ABŞ-a qarşı birləşir? Moskvanın və Tehranın son proseslərlə bağlı mövqeyi nədən ibarətdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib ki, bu həmin ermənilərdir ki, “İranın çörəyini yeməkdənsə, qanqal otlayarıq” deyib, xəyanət ediblər:

“44 günlük müharibədən sonra müzakirə edilən Zəngəzur dəhlizi məsələsinə İranın ciddi-cəhdlə qarşı çıxması, Ermənistanın haqlı olmayan mövqeyini dəstəkləməsi iqtisadi maraqlardan qaynaqlanırdı. İran Orta dəhlizin onun ərazisindən kənardan keçməsinin qarşısını almaq üçün Zəngəzurdan kommunikasiyaların açılmasına mane oldu.

elnur kelbizade

Elnur Kəlbizadə

Digər tərəfdən, hesab edirdi ki, belə vəziyyət onun şimal sərhədlərində türk amilini gücləndirər. Halbuki əldə olunmuş razılaşmalarda bu dəhlizə nəzarətin Rusiya Federasiyasının qüvvələri tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdu. Belə bir vəziyyət İran üçün daha təhlükəsiz olardı. İndi isə Ermənistanda tamamilə fərqli bir şərait yaranıb, Ermənistan ABŞ-dan hərbi yardımlar alır, İranın regionda görməyi arzulamadığı ABŞ-ın Ermənistanda hərbi varlığı güclənir. Təbii ki, bu, regionda təhlükəsizlik maraqları olan Rusiya və İranın mövqeyinə ciddi zərbədir. Rusiyanın bu cür məsələlərlə bağlı mövqeyi İranla müqayisədə daha aydındır. İran isə bu təhlükəni görə-görə hələ də “Ermənistanla sıx əlaqələr” nağılı ilə özünü aldadır”.

Elnur Kəlbizadənin sözlərinə görə, hər zaman tarixi məsələlərə istinad etməyi sevən İran Ermənistanın və ermənilərin tarixdəki davranışlarını unutmamalıdır:

“Bu həmin ermənilərdir ki, öz mənafeləri naminə təbəəsi olduqları Bizansı Səlcuqlara, Osmanlıları və Qacarlar dövlətini Rusiyaya satıblar. Bu həmin ermənilərdir ki, Türkmənçay müqaviləsindən sonra çar Rusiyasına Qacarlar dövlətini satmışdılar. Erməni başçıları demişdilər ki, “biz İranın yağlı çörəyini yeməkdənsə, Rusiya çöllərində qanqal otlamağa hazırıq”. Bu fakt tarixi mənbələrdə əksini tapıb. Heç nə dəyişməyib. Ermənistan indi də Rusiyanı və İranı satıb, yeni ağalarına sədaqətlərini sübut etməyə çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: