Ukrayna Prezidenti Volodimir Zelenski son zamanlarda Rusiyadan Ermənistanla bağlı səsləndirilən sərt bəyanatlara diqqət çəkib. Zelenski Moskvanın təhdidlərinə qarşı Erənistanın dəstəklənməli olduğunu söyləyib.
Ukrayna prezidenti həmçinin Moldova, Baltikyanı ölkələr, Gürcüstan və Azərbaycanın da adını çəkib, Avropanı dəstək göstərməyə çağırıb.
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, son zamanlar Ermənistanda keçiriləcək seçkilərlə əlaqədar Rusiyanın bu ölkəyə qarşı açıq şəkildə apardığı təbliğat və aqressiv təzyiqlər Zelenski üçün bir imkan yaradır:
“O, Avropanın Rusiyaya təzyiqləri artırmasını istəyir. Rusiya ilə müharibə vəziyyətində olduğu üçün bütün üsullardan istifadə edir. İndi də postsovet ölkələrinin bu və ya digər formada müstəqilliyinə Rusiyanın qısqanclıqla yanaşdığını göstərməyə çalışır və Avropanın onlara dəstək verməli olduğu bildirilir.

Murad Sadəddinov
Ukrayna Rusiyaya təzyiq göstərməklə ətrafında daha çox tərəfdar toplamaq istəyir. Bu yolla gələcək planlarının pozulması ehtimalı da hədəflər sırasındadır. O cümlədən, Ukraynanın birbaşa müharibə şəraitində olması onun mövqeyini daha da gücləndirir”.
Turan Rzayev
Globalinfo.az