Livanın xarici işlər naziri Abdullah Bou Həbib deyib ki, “Hizbullah” lideri Həsən Nəsrullah ölümündən öncə hərəkatın atəşkəsə razılaşdığını açıqlamışdı.
“Bizə dedilər ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və Fransanın sentyabrın 25-də elan etdiyi atəşkəs çağırışını təsdiqləyib. Biz də “Hizbullah”ın razılaşmasına razı olduq”.
Qeyd edək ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində öldürülüb.
Livanlı nazirin iddiası nə dərəcədə reallığa uyğundur?
Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Yaxın Şərqdə baş verən proseslər bütün dünya üçün real təhlükə mənbəyinə çevrilməyə başlayıb:
Elçin Xalidbəyli
“Regionda baş qaldıran hərbi münaqişənin inkişaf istiqamətləri yaxın gələcəkdə region və ətraf ölkələr üçün daha genişmiqyaslı savaş təhlükəsi yaradır. Yaxın Şərqdə gərginlik yaratmaqda əsas məqsəd regionda hərbi, siyasi düzənin yenidən formalaşdırılmasına cəhddir. Hələlik proses son nəticəyə yaxınlaşmadığından sülh, atəşkəs çağırışları üçün uyğun situasiya formalaşmayıb. Fransa və ABŞ-ın vasitəçiliyi ilə gündəmə gətirilən atəşkəs çağırışlarının cavabsız qalması da bununla əlaqədardır. Yaxın Şərqdə baş verən proseslər Fransanın maraqlarına ziddir və o, İsrailə qarşı proseslərdə yer alır”.
Politoloqun sözlərinə görə, yaxın vaxtlarda Livanla paralel başqa ölkələrə də müharibənin sıçrama ehtimalı var:
“İran və İsrail hərbi toqquşma təhlükəsi inandırıcı görüntülər almağa başlayıb. Bu proses baş verərsə, ABŞ və bəzi ərəb ölkələri də savaşa qatıla bilər. Birləşmiş Ştatlar İsraili müdafiə edəcəklərini də açıqlayıblar. Yaxın Şərq hərbi böhranı tezliklə daha geniş əraziyə yayılaraq qlobal savaşa çevrilmə təhlükəsini daşıyır”.
Safura Bənnayeva
Globalinfo.az