“Yaxın vaxtlarda Müdafiə Nazirliyinin bölmələri Xankəndi və Xocalıya gedəcək” – Politoloq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları faktiki olaraq Azərbaycanın Xocalı, Xankəndi ərazilərinə səfər edərək monitorinq keçirdi.

Monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələr də apardı.

Mülki nazirliklərin, media mənsublarının bu səfəri bir sualı aktuallaşdırır: Azərbaycan Müdafiə Nazirliyinin müvafiq bölümləri nə vaxt Xankəndi və Xocalıda dislokasiya olunacaqlar? Beynəlxalq şərtlər imkan verirmi Azərbaycan dinc şəkildə Xocalıda, Xankəndində, Ağdərədə özünün suverenliyini, idarəçiliyini, nəzarətini bərpa etsin?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Xankəndi, Xocalı, Xocavənd rayonları Azərbaycanın beynəlxalq hüquq ilə tanınan əraziləridir və rəsmi Bakının bu əraziyə nümayəndələrini göndərməsi üçün heç bir hüquqi maneə yoxdur:

“Prinsip etibarilə həm mülki nazirliklərimizin, həm də media mənsublarının səfəri göstərdi ki, Azərbaycan tərəfinin məqsədi heç də Qarabağda yaşayan ermənilərə zərər vermək, ya da onları bu ərazidən çıxarmaq deyil.

44 günlük Vətən müharibəsinin bitməsindən iki il keçir. Bu iki il ərzində heç bir mülki erməni azınlığa zərər verilməyib. Bu hal belə özlüyündə sübut edir ki, rəsmi Bakının məqsədi sadəcə öz torpaqlarında mütləq hakimiyyət bərqərar etməkdir. Buna isə heç bir beynəlxalq hüquq qarşı çıxa bilməz.

O ki qaldı Müdafiə Nazirliyinin nümayəndələrinin Xankəndi, Xocalıya səfər etməsinə, 2023-cü ildə biz bunun da şahid ola bilərik. Hətta ilkin olaraq belə bir səfər Rusiya sülhməramlılarının müşayiəti ilə baş tuta bilər. Sülhməramlı kontingentin komandanı ilə Xankəndidə görüşlər belə keçirmək olar”.

Turan Rzayev,

Globalinfo.az