Bakı və İrəvan razılaşıb: tezliklə ciddi addımlar atılacaq – Deputat

“Qarabağ problemi həllini tapdı. Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-si keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunda suverenliyimiz tam təmin edildi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, yeni reallıqlar fonunda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması strateji əhəmiyyətli məsələyə çevrilib:

“İrəvanın son bəyanatları göstərir ki, yaxın aylar ərzində sülh müqaviləsi imzalana bilər. İndi əsas məsələ iki ölkə arasında sərhədlərin müəyyən edilməsi, Zəngəzur dəhlizinin işə salınmasıdır. Bu vaxta kimi Ermənistan rəhbərliyi hər iki strateji məsələ ilə bağlı nala-mıxa vurma siyasəti yürüdürdü.

Amma Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi şəhərində keçirilən “İpək yolu” beynəlxalq forumda çıxışı zamanı qaranlıq məqamlarla bağlı mövqeyini bir qədər dəqiqləşdirdi. O, kommunikasiyaların tam bərpası haqda Ermənistanın mövqeyini açıqladı. Belə olan təqdirdə iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya-demarkasiya məsələsi ön plana çıxır”.

Elman Nəsirov

Deputatın sözlərinə görə, Azərbaycan və Ermənistan fikir ayrılıqlarını aradan qaldırmaqdadır:

“Sərhədlər 1991-ci il reallığına uyğun tənzimlənə bilər. Bu istiqamətdə ilkin müsbət proseslər gedir. Bunların konkret sənəddə əksini tapması gözlənilir. Hesab edirik ki, yaxın aylarda bu istiqamətdə çox ciddi addımlar atılacaq”.

Zaira Akifqızı
Globalinfo.az