Xocalı görüşünün detalları: müsbət prosesdə xoşagəlməz məqam

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş baş tutdu. Görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri iştirak edib.

Yevlaxdan sonra Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşün Xocalıda keçirilməsi diqqət çəkir. Məsələ ondadır ki, növbəti görüş yeri kimi paytaxt Bakı, ya da başqa bir şəhərin nəzərdə tutulacağı gözlənilirdi. Bundan başqa, Azərbaycan mərkəzi hakimiyyət nümayəndələri ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlər arasındakı ilk təmas da məhz Xocalıda baş tutmuşdu.

Bununla belə, görüşün Xocalıda baş tutması narahatlıq üçün əsas deyil. Belə ki, ikinci Xocalı görüşü ilə birinci Xocalı görüşü eyni reallıqlarda və şərtlərdə baş tutmadı. Nəzər almaq lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri bir neçə gün öncə uğurlu lokal antiterror tədbirləri həyata keçirdi və cəmi bir sutka ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur etdi.

Yevlax görüşündən sonra isə Azərbaycan ordusunun Xocalı və Ağdərədə olmasını əks etdirən foto və video materiallar yayıldı. Yəni indiki məqamda görüş Xocalıda reallıqlar artıq Azərbaycan mərkəzi hakimiyyətinin xeyrinə dəyişib.

Yevlax görüşündən fərqli olaraq Xocalıda baş tutan görüşün keçirildiyi məkanda Azərbaycan dövlət atributlarının yer almaması da diqqətçəkən detaldır. Bu, görüşün Rusiya sülhməramlılarının Xocalıda yerləşən mərkəzi qərargahında keçirildiyinə dəlalət edir. Bununla belə, Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələrinin yaxa sancaqlarında Azərbaycan bayrağının əks olunması və fotolardakı bədən dili üstün tərəfin kim olduğunu aydın şəkildə göstərir.

Görüşdə müzakirə edilən məsələlərə gəldikə isə konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub. Yəni Xocalı görüşünü Yevlax görüşünün davamı kimi də anlamaq olar.
Yevlax görüşündə razılaşdırılan və icrası tamamlanan məsələlər müzakirələr edildiyi kimi, habelə əvvəlki görüşdə razılığı mümkün olmayan məsələlərin müzakirəsinin olduğunu demək olar.

Misal üçün, Yevlax görüşündən sonra erməni icmasının nümayəndələrinin xahişi əsasında Xankəndi və ətraf ərazilərə humanitar yüklər çatdırıldı, habelə Xankəndi şəhərinin elektrik enerjisi Ermənistandan ayrılaraq Azərbaycana qoşulması gerçəkləşdi.

Mümkündür ki, görüş zamanı Xankəndidəki qondarma qurum “hökumət” və “parlamentin” buraxılmasına dair mərkəzi hakimiyyətin tələbləri çatdırılıb. Bu məsələdə konkret razılığın əldə edildiyini demək çətindir. Hətta ermənilərin hələlik müqavimət belə göstərdiyini demək olar. Təsadüfi deyil ki, Xocalı görüşündən sonra Xankəndidə yanacaq məntəqəsində partlayış baş verdi. Hadisə nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir.

Əsas tələb kimi hava məkanının açılması da diqqət çəkir. Görünən odur ki, bu yolla separatçı “hökumətin” də Ermənistana köçürülməsi planlaşdırılır. Bu həm də “mühacir hökumət” kimi separatçı fəaliyyətin Azərbaycan xaricində aparılmasını təmin edə bilər.

Nəticə etibarilə Qarabağ ermənilərinə yalnız Azərbaycan konstitusiyasında göstərildiyi kimi, milli azlıq statusu verilə bilər. Bundan başqa veriləcək hansısa status gələcəkdə başımızı ağrıda bilər. Qondarma “hökumət” özünü buraxmalı, separatçı liderlər amnistiya üçün müraciət etməlidir. Əks təqdirdə onların ölkədən buraxılması da ciddi problemlər yarada bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı