XİN başçılarının növbəti görüşü bu ölkədə keçiriləcək

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xəzəryanı ölkələrin XİN başçılarının dekabrın beşində Moskvada keçirilən toplantısının yekunlarına dair birgə qəbul olunmuş bəyanatda bildirilib.

“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ildə Türkmənistanda baş tutacaq”, – deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

“Nazirlər beştərəfli saziş layihələrinin təsdiqini başa çatdırmaq üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini qeyd edirlər: Xəzər dənizində hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimadın möhkəmləndirilməsi tədbirləri haqqında”, – deyə bəyanatda qeyd olunub.

Bəyanatda tərəflər həmçinin, Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin monitorinqi, qiymətləndirilməsi və məlumat mübadiləsi haqqında Tehran Konvensiyasının protokol layihəsi üzərində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.